“Bu gün Azərbaycan özünün beynəlxalq əlaqələrini məqsədyönlü şəkildə genişləndirməkdə davam edir. O cümlədən respublikamızın Cənub-Şərqi Avropa və Balkan yarımadası ölkələri ilə ikitərəfli münasibətləri getdikcə daha çox səmimi dostluq zəminində inkişaf etməkdədir. Bu baxımdan Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında müşahidə olunan dinamika xüsusilə diqqətəlayiqdir. Ö cümlədən ötən il Azərbaycan Prezidenti cənab İlham Əliyevin Albaniyaya səfəri, bu il isə Albaniya Prezidenti Bayram Beqayın artıq ikinci dəfə ölkəmizdə rəsmi səfərdə olması da bunu təsdiq edir. Qeyd etmək lazımdır ki, Azərbaycanın əksər ölkələrlə dostluq əlaqələrinin qurulması bir çox hallarda məhz bu ölkələrin dövlət başçıları ilə möhtərəm Prezidentimizin şəxsi münasibətləri zəminində formalaşır. O cümlədən iyul ayının 7-də Albaniya Prezidentinin Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlərdən sonra hər iki ölkənin dövlət başçılarının mətbuata bəyanatla etdikləri çıxışlarında da bu məqam öz əksini tapmışdır. Cənab Prezident İlham Əliyev öz çıxışında qeyd etmişdir ki, dövlət başçımızın Prezident Beqay ilə dostluq əlaqələri Azərbaycan-Albaniya əlaqələrinin dinamik inkişafında önəmli amil kimi çıxış edir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Deputat qeyd edib ki, Azərbaycan-Albaniya əlaqələrindəki səmimiyyət ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birilərinə verdikləri dəstəkdə də özünü aşkar şəkildə büruzə verir: “Albaniya Cənubi Qafqazda etibarlı tərəfdaşlar və beynəlxalq təşkilatların vasitəçiliyi ilə uzunmüddətli sülhün bərqərar olunmasını hər zaman dəstəkləyib. Həmçinin Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını dəstəkləyib. Cənab Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, ölkələrimiz bütün beynəlxalq təşkilatlarda və ilk növbədə əlbəttə ki, Birləşmiş Millətlər Təşkilatında, eləcə də İslam Əməkdaşlıq Təşkilatında bir-birinə dəstək verir. Albaniyanın Azərbaycanı üzvü olmadığı təşkilatlarda dəstəkləməyi isə əlbəttə ki, xüsusilə təqdirəlayiq bir məqamdır. Albaniyanın bu səmimi dostluq jestini vurğulayan möhtərəm dövlət başçımız ötənilki Frankofoniya Sammitində Azərbaycana verdiyi dəstəyə görə Albaniya Prezidentinə və hökumətinə bir daha öz minnətdarlığını ifadə etdi. Həmin sammitdə Frankofoniya təşkilatının üzv dövlətlərindən biri yekun sənədə anti-Azərbaycan məzmunlu bir bəndi əlavə edərək onu qəbul etdirməyə cəhd göstərmişdi. Bu məqamda Albaniya həmin bəndi bloklamaqla Azərbaycana qarşı səmimi dostluq münasibətini bir daha nümayiş etdirdi. Əlbəttə ki, bu addım dostluq münasibətləri ilə yanaşı, həm də Albaniyanın ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi beynəlxalq hüququn əsas prinsiplərinə, ədalət prinsiplərinə qəti sadiqliyin təzahürü oldu.”
Daha sonra N.Aslanov Azərbaycan-Albaniya münasibətlərindən önəmli əməkdaşlıq istiqamətlərindən birinin qaz sahəsi olduğunu vurğulayaraq bunları deyib: “Məlumdur ki, Azərbaycan və Albaniya Cənub Qaz Dəhlizi layihəsinin üzvləridir və bu layihənin reallaşmasında çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Artıq neçə müddətdir ki, Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Lakin Azərbaycan bütün dost ölkələrlə məhz ikitərəfli əlaqələrin inkişafı məsələsini də hər zaman xüsusi diqqət mərkəzində saxlayır. Möhtərəm dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, məhz bu baxımdan Azərbaycanın Albaniyada qaz təsərrüfatının inkişafına da öz töhfəsini verəcəyi barədə qəbul olunmuş qərar da xüsusi əhəmiyyət kəsb edir. Bütün bunlarla yanaşı iki ölkə arasında əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar vardır. Bunlardan qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar kimi sahələr daha çox maraq doğurur. İyulun 7-də Azərbaycan və Albaniya Prezidentlərinin keçirdikləri görüşlərin nəticələri də bunu deməyə əsas verir ki, ölkələrimiz arasında əlaqələr tezliklə yeni, daha yüksək səviyyəyə keçid alacaq”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.