Novruzəli Aslanov: “Azərbaycan-İran əməkdaşlığı bütün bölgəyə fayda gətirən layihələrin reallaşdırılmasına istiqamətlənib”

“Bu ilin 19 may tarixində İranla sərhəddə “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi həqiqətən tarixi əhəmiyyət kəsb edən hadisədir. Açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev bu layihələrin reallaşmasında İranın rolunu yüksək qiymətləndirərək bildirdi ki, bunun üçün böyük bilik, səriştə və təcrübə tələb olunurdu. Həmçinin dövlət başçısı bunu da vurğulaı ki, layihələrin reallaşdırılması Azərbaycan ilə İran arasında mövcud olan dostluğun daha bir təzahürüdür. Ölkələrimiz və xalqlarımız arasında olan münasibətlərdə əsas amil kimi çıxış edən qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda, əldə edilmiş razılaşmalarda da özünü göstərir və eyni zamanda, gələcək planlara da istiqamət verir. Əlbəttə ki, Azərbaycan və İranı birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi rol oynayır. Bundan sonra hər iki ölkənin ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir. Hazırda Azərbaycanın azad edilmiş torpaqlarında çox genişmiqyaslı nəqliyyat layihələri həyata keçirilir. Avtomobil yolları, hava limanları, dəmir yolu Ağbəndə qədər çəkilir və yaxın gələcəkdə istismara veriləcək. Bütün bunlar hər iki ölkənin gələcək inkişafını və eyni zamanda da bir çox digər ölkələrin nəqliyyat təhlükəsizliyini təmin edəcək.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat daha sonra qeyd edib ki, Azərbaycan və İran arasında energetika sahəsində əməkdaşlığın da yaxın perspektivləri hər iki ölkəyə böyük fayda vəd edir: “Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib. Bu bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılması bütün region ölkələri üçün çox faydalı olacaq. Öz çıxışında cənab Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı ki, işğaldan azad edilmiş torpaqlarda son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları inşa edilib. Bu stansiyaların istehsal gücünü 500 meqavata çatdırmaq üçün konkret proqram mövcuddur və yaxın iki-üç il ərzində bu, həll olunacaq. İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşdirilməsi məsələsinin, eləcə də qarşılıqlı təchizat məsələlərinin artıq öz həllini tapdığı nəzərə alınarsa, bu layihənin də bütün bölgəyə böyük fayda gətirəcəyini əminliklə demək olar. Dövlət başçımızın çıxışında belə bir son dərəcə mühüm fikir də öz əksini tamışdır ki, bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə, bu xalqların maraqlarına uyğun təmin edilməlidir. Əgər regionumuzdan minlərlə kilometr uzaqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bu zaman onlar da regionda yerləşən ölkələrin maraqlarını mütləq ilk növbədə nəzərə almalıdırlar” – deyə, Novruzəli Aslanov fikirlərini başa çatdırıb.