“Fevral ayının 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda tarixdə ilk dəfə olaraq Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşdülər. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin tədbirdə bu hadisəni tarixi görüş adlandırdı. Qeyd olunmalıdır ki, Azərbaycan Prezidenti tərəfindən Cənubi Qafqazda gedən proseslərin, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normalaşdırılması və ölkələrimiz arasında sülh sazişinin imzalanması kimi məsələlərin müzakirəsi, bu istiqamətdə birgə addımların atılması məqsədilə regional üçtərəfli platformanın yaradılmasına dair bir neçə dəfə çağırışlar səsləndirilib. Lakin Gürcüstan rəhbərliyi tərəfindən bu təklif qəbul olunsa da, məhz Ermənistan hökumətinin bu konstruktiv çağırışa səssiz qalması səbəbilə platformanın yaradılması mümkün olmamışdır. Beləliklə, fevralın 18-də Münxendə baş tutmuş plenar iclası Cənubi Qafqaz platformasının yaradılmasına doğru ilk mühüm addımı atmaq üçün Ermənistana taleyin özü tərəfindən verilmiş növbət şans kimi də dəyərləndirmək olardı. Lakin baş nazir Paşinyanın istənilən ümidverici vəziyyəti bərbad hala qoymaq məharəti bu dəfə də özünü göstərdi. Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlar, absurd iddialar, qətiyyətsizlik və mövqe yoxluğu bu dəfə də danışıqlarda hər hansı bir irəliləyişin olmayacağını tam aydınlığı ilə göstərdi.”
Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Daha sonra deputat heç bir beynəlxalq təşkilatın Azərbaycanı ölkəmizin ərazisində yaşayan ermənilərin hüquqlarının pozulmasında günahlandırmağa və ümumiyyətlə bu mövzunu müzakirəyə çıxarmağa haqqı olmadığını vurğulayaraq bunları deyib: “Bu gün Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin hazırlanması üzərində işlər aparılır. Cənab Prezident İlham Əliyev plenar iclasda verdiyi açıqlamalarda da bir daha bu məsələ ilə bağlı ölkəmizin birmənalı mövqeyini təqdim edərək bildirdi ki, Azərbaycan və Ermənistan uzun müddət davam etmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Həmçinin dövlətimizin başçısı regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olduğunu vurğuladı. Bu istiqamətlərdən biri Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, digəri isə, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələridir. Azərbaycan Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr apara bilər. Lakin bu müzakirələr yalnız Azərbaycan erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə aparıla bilər. Yəni, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə, xüsusilə də hansısa bir cinayətkarla heç bir ünsiyyətdən söhbət gedə bilməz. Eyni zamanda da, ölkəmizin bütün tərəfdaşları nəzərə almalıdırlar ki, Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati ərazi vahidi yoxdur, yalnız erməni əhalinin olduğu Qarabağ iqtisadi zonası var. Buna görə də heç kəs “Dağlıq Qarabağ” ifadəsini işlətməklə Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmətsizlik etməməlidir. Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. O cümlədən rəsmi Bakı Qarabağdakı erməni icmasının nümayəndələri ilə də praktiki təmaslara başlamağa hazır olduğunu bildirib. Lakin bu, ölkəmizin daxili məsələsidir və Ermənistanla imzalanacaq sülh müqaviləsində bu məsələ ilə bağlı heç bir müddəa yer ala bilməz.”
Həmçinin N.Aslanov Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması yönümündə vasitəçilik etmək istəyən beynəlxalq təşkilatların və ölkələrin Azərbaycanın 30 illik işğala son qoya bilmək üçün hansı qurbanlar verməyə məcbur olduğunu daim xatırlamalı olduqlarının zəruriliyini qeyd edib: “Cənab Prezident İlham Əliyevin dediyi kimi, Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Halbuki, Azərbaycan hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasına çağırış edirdi. Azərbaycan Minsk qrupunun nəticə əldə etməsini gözləyir, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinin icrasını təmin edəcəyini gözləyirdi. Ermənistan isə, vəziyyəti dondurmaq, torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Bu vəziyyət, həmçinin Ermənistanın dünyanın müxtəlif bölgələrindəki dostlarını da qane edirdi. Azərbaycan Qarabağ münaqişəsini hərbi yolla həll etməsəydi, bu sülh danışıqları daha 28 il davam edə bilərdi. Artıq dünyada formalaşmış ümumi fikir də münaqişə dondurulmuş vəziyyətdə olduğunu təsdiq edirdi. Buna görə də Azərbaycan 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsi ilə ona verilən hüququndan istifadə edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli oldu. Bu bizə 3 min əsgərimizin həyatı bahasına başa gəldi. Bu gün, ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdiyi vəziyyətdə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar artıq bir neçə platforma yaradılıb. Lakin bu platformanın iştirakçıları heç bir halda nə 30 illik işğalı, nə də bu işğalın nəticəsində 20 faiz ərazilərimizin xarabazarlığa çevrildiyini qətiyyən unutmamalıdırlar”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.