Novruzəli Aslanov: “Erməni kilsəsi erməni faşizminin bütün cinayətlərinə görə məsuliyyət daşımalıdır”

 

“Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı II Qarabağ müharibəsində erməni ordusunu darmadağın etməklə təkcə ölkəmizin işğal altında olan torpaqlarını azad etmədiyi, həmçinin bütün Cənubi Qafqazı erməni faşizminin təhdidindən qurtardığı bu gün artıq heç kəs üçün sirr deyil. “Dənizdən-dənizə Ermənistan” adlı utopik ideyalarını həyata keçirmək üçün erməni vandallarının əl atmayacaqları cinayətin olmadığını da artıq bütün dünya bilir və onların 30 il ərzində işğal altında saxladıqları ərazilərdə törətdikləri bu cinayətlərin izlərini indi dünya ictimaiyyətinin nümayəndələri azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında öz gözləri ilə görürlər. Düşünmək olardı ki, erməni rəzilliyinin mahiyyətinə artıq bundan sonra heç nə əlavə etmək olmaz. Amma sən demə bu heç də belə deyilmiş. Dinc əhaliyə qarşı terror və soyqırımı əməliyyatlarının keçirilməsində xüsusi vərdişləri və böyük təcrübələri olan erməni faşistləri indi də bu təcrübəni Ukrayna əhalisinə qarşı tətbiq etmək niyyətindədirlər. Erməni faşizminin hər zaman mənəvi rəhbərliyində duran Erməni kilsəsi isə bu dəfə də öz başkəsənlərinə növbəti cinayətlərini Ukraynada törətməkləri üçün xeyir-duasını verdi.”

Bu sözləri Milli Məclisin deputatı Novruzəli Aslanov “Ukrainskaya Pravda” qəzetinin 4 iyul tarixli sayında dərc olunmuş “Erməni batalyonunun Moskvada müharibəyə qatılmaq üçün xeyir-dua aldığı tədbirdə Avromeydan hadisələrində iğtişaşlar törədən qrupun təşkilatçısı iştirak etmişdir” adlı məqaləni şərh edərkən AİA.Az-a verdiyi açıqlamasında deyib.

Deputat Moskvanın erməni apostol kilsəsində “Arbat” adlı silahlı birləşmənin yaradılması faktının bütün səmavi dinlərin əsasında duran mərhəmət və xeyirxahlıq prinsiplərinə zidd olduğunu vurğulayıb: “Əslində Eçmiədzindən idarə olunan erməni kilsəsi mövcud olduğu bütün dövrlərdə nə xristianlığın əsasını təşkil edən konseptual prinsiplərə, nə də ümumiyyətlə ümumbəşəri dəyərlərə sığmayan fəaliyyəti ilə hər zaman insanlıq əleyhinə cinayətləri dəstəkləyib və əksər hallarda hətta onları birbaşa təşviq və təbliğ edib. Təkcə müsəlman-türk xalqlarına qarşı erməni kilsəsinin tarix boyu erməni millətində formalaşdırdığı və hər zaman qızışdırdığı düşmənçilik və nifrət hissləri əsrlər boyunca milyonlarla insanın qətlinə səbəb olub. Bu gün də erməni kilsəsinin əsas fəaliyyət istiqaməti həm öz xalqında, həm də dünyada islamafob, türkəfob hisslərin gücləndirilməsinə yönəlib. Lakin son baş verən hadisələr bunu sübut edir ki, erməni faşizmi üçün dinlərin və millətlərin heç bir fərqi yoxdur. İnsan qanına susamış bu vəhşilər heç bir tərəddüd etmədən öz xristian qardaşlarını da qətlə yetirməyə hazırdırlar. Ələlxüsus da öz dini rəhbərlərindən xeyir-dua aldıqdan sonra. Moskva erməni apostol kilsəsi isə əlbəttə ki, Kremldən bir “molodets” eşitmək üçün onlarla işğalçı müharibəni, yüzlərlə qətliamı dəstəkləməyə və hətta, lazım gələrsə bilavasitə törətməyə də həmişə hazırdır. Əslində Ukraynaya qarşı Ermənistan bayrağı altında döyüşən hərbi batalyonun erməni kilsəsi tərəfindən formalaşdırılması, elə həmin əsgərlərin törətdikləri bütün hərbi cinayətlərin təşkilatçısının da birbaşa bu kilsənin olduğu anlamına gəlir.”

Daha sonra fikirlərini davam etdirən N.Aslanov sözügedən məqalədə təqdim olunan faktların erməni xislətinin əsl nankor və yırtıcı simasının bütün Avropa xalqlarına daha yaxından tanıdılması baxımından da xüsusi əhəmiyyəti olduğunu vurğulayaraq bunları deyib: “Məqalədə diqqəti cəlb edən məqamlardan biri də Moskva erməni kilsəsində yaradılmış və əsasən Donbasda gedən döyüşlərdə iştirak etməsi üçün xeyir-dua almış “Arbat” erməni batalyonunun tərkibində terrorçu Armen Sərkisyanın yer alması ilə bağlıdır. Məsələ bundadır ki, bu şəxs Ukraynanın Qorlovka şəhərindəndir və 2014-cü ildə Kiyevdə Maydan hadisələri zamanı “ölüm briqadaları” yaradaraq dinc nümayişçilərə qarşı divan tutan qrupa rəhbərlik etməsi ilə bağlı hazırda Ukraynada axtarışdadır. Bu bir daha sübut edir ki, nə vaxtsa gəlib məskunlaşdığı torpaqlara, bu torpaqlarda yaşayan xalqlara, bir vaxtlar ona öz qapısını açmış, süfrəsində yer vermiş, çörəyini bölmüş insanlara qarşı xəyanət erməni xislətinin mahiyyətində duran səciyyəvi cəhətlərdəndir. Xəyanət isə heç zaman bağışlanmır. Üç il bundan öncə Şanlı Azərbaycan Ordusu bu xəyanətin layiqli cəzasını verdi. İndi isə erməni faşizmi, erməni kilsəsinin xeyir-duası ilə öz çirkin əməllərini Ukraynada davam etdirmək istəyir. Amma bu da uzun çəkməz. Erməni əsgərinin “döyüşkənliyi” artıq II Qarabağ savaşının nəticələrinə görə bütün dünyaya məlumdur. Yəqin ki, ən yaxın vaxtlarda erməni batalyonunun öz silahlarını da, Ermənistanın bayrağını da indi də Donbasda necə qoyub-qaçacaqlarının hamımız şahidi olacağıq. Erməni kilsəsi isə, erməni faşizminin tarix boyu törətdiyi bütün qətliamlara və digər cinayətlərə görə mütləq məsuliyyət daşımalıdır”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.