Novruzəli Aslanov: “Qanunverici orqana müxtəlif peşə və baxışları təmsil edən xanımların seçilməsi cəmiyyətin gender balansına verdiyi önəmin bariz nümunəsidir”

“Azərbaycan cəmiyyətində qadın amili hər zaman milli kimliyin və mənəvi bütövlüyün əsas sütunlarından biri kimi çıxış edib. Zaman dəyişsə də, qadının ailədə və cəmiyyətdə daşıdığı məsuliyyət, formalaşdırdığı dəyərlər sistemi dəyişməz qalıb. Maariflənmə prosesinin sürətlənməsi ilə Azərbaycan qadını yüzilliklər boyu qoruduğu milli-mənəvi irsi yeni düşüncə tərzi ilə birləşdirərək ana dilimizin, ədəbiyyatımızın və mədəniyyətimizin etibarlı dayağına çevrilib. Bu, sadəcə ənənəyə sədaqət deyil, həm də intellektual inkişafın göstəricisidir. Müstəqillik illərində qadınların ictimai-siyasi fəallığı daha da artdı. Onlar dövlət quruculuğu prosesində yalnız müşahidəçi deyil, aktiv iştirakçı kimi çıxış etdilər. Elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə qazandıqları nailiyyətlər ölkənin ümumi tərəqqisinə mühüm töhfələr verdi. Qadın təşəbbüskarlığının artması və vətəndaş cəmiyyəti institutlarında fəal iştirakı Azərbaycanın sosial kapitalını gücləndirdi.”

Bu fikirlər Milli Məclisin deputatı Novruzəli Aslanovun aia.az-a 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə verdiyi açıqlamasında yer alıb.

Millət vəkili xüsusi olaraq vurğulayıb ki, bu dinamikanın mühüm göstəricilərindən biri də parlamentdə qadınların artan təmsilçiliyidir: “Bu gün Milli Məclisdə qadın deputatların sayı əvvəlki çağırışlarla müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib. Qanunverici orqana müxtəlif peşə və baxışları təmsil edən xanımların seçilməsi cəmiyyətin gender balansına verdiyi önəmin bariz nümunəsidir. Bu, təkcə statistik artım deyil, həm də qərarların qəbulunda qadın baxışının güclənməsi deməkdir. Qadınların ictimai fəallığı təkcə siyasi sahə ilə məhdudlaşmır. Ordu quruculuğunda, hüquq-mühafizə orqanlarında, diplomatiyada, idmanda və sosial xidmətlərdə onların rolu artmaqdadır. Bu geniş iştirak spektri göstərir ki, müasir Azərbaycan qadını həm ənənəvi dəyərləri qoruyan, həm də yenilikləri mənimsəyən dinamik qüvvədir. Bu mənzərənin beynəlxalq miqyasda təqdimatında isə ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xüsusi yer tutur. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr mədəniyyətimizin dünyaya tanıdılmasına, humanitar əməkdaşlığın genişlənməsinə və sosial problemlərin həllinə xidmət edir. Bu fəaliyyət Azərbaycan qadınının mərhəmət, təşkilatçılıq və liderlik keyfiyyətlərini beynəlxalq platformalarda nümayiş etdirir. Əminliklə demək olar ki, bu gün ölkəmizə qadının maarifçi missiyası ilə siyasi təmsilçiliyi arasında möhkəm üzvi əlaqə formalaşıb. Ənənə ilə müasirliyin sintezi Azərbaycan qadınının əsas güc mənbəyidir. 8 Mart – Beynəlxalq Qadınlar Gününün dövlət səviyyəsində qeyd olunması da bu sintezin təntənəsi, qadın iradəsinin və zəhmətinin cəmiyyət tərəfindən yüksək qiymətləndirilməsinin rəmzidir” – deyə, Novruzəli Aslanov açıqlamasını tamamlayıb.