Novruzəli Aslanov: “Soçi Bəyanatı Azərbaycanın mövqelərini daha da gücləndirdi”

“Azərbaycan Cənubi Qafqazda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə səylərini davam etdirir. Bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin 31 oktyabr tarixində Rusiya Prezidenti Vladimir Putinin dəvətilə Soçiyə etdiyi səfər də xüsusi önəm kəsb edir. Səfər çərçivəsində Azərbaycan və Rusiya Prezidentlərinin ikitərəfli görüşü keçirilmişdir. Qeyd olunduğu kimi, bu görüşün məqsədi tərəflərin 2020-ci və 2021-ci illərdə nail olduqları bütün razılaşmaların yerinə yetirilməsini təmin etmək olub. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Rusiya münaqişənin nizamlanmasında nəzərəçarpacaq, mühüm rol oynayıb. Soçi görüşündə isə, hər iki ölkənin dövlət başçıları hələ də həll edilməmiş məsələlərin həlli yollarını müəyyənləşdirmək istiqamətində müzakirələr aparıblar. Qeyd olunub ki, baş nazirlərin müavinləri səviyyəsində yaradılmış üçtərəfli işçi qrup hələ iki il bundan qabaq haqqında danışılan məsələlərin həlli baxımından kifayət müsbət nəticələr əldə edib. Lakin burada da əlavə impulsa ehtiyac olduğu vurğulanıb.”

Bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti hər zaman olduğu kimi bu görüşdə də ölkəmizin maraqlarını əks etdirən prinsipial mövqelərdən çıxış etməklə Azərbaycanın qalib ölkə olması faktını bir daha diqqət mərkəzinə çəkib: “Bu il bütün Azərbaycan xalqı Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizin ikinci ildönümünü böyük təntənə ilə qeyd edəcək. Azərbaycan bu Qələbəni 2020-ci ilin sentyabr-noyabr aylarında öz gücünə apardığı və zəfərlə başa vurduğu müharibədə əldə edib. Azərbaycan bu Qələbəni minlərlə şəhidinin qanı-canı bahasına, qazilərinin sağlamlığı bahasına əldə edib. Buna görə də aparılan bütün danışıqlarda, imzalanan bütün bəyanatlarda möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın qalib ölkə olması faktını hər zaman diqqət mərkəzinə çəkir. O cümlədən Soçi görüşündə dövlətimizin başçısı bir daha vurğuladı ki, uzun illər davam edən Qarabağ münaqişəsinə iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə ilə son qoyulub. Məlumdur ki, sözügedən tarixi sənəd faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır. Bu gün isə artıq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtıdır. Ölkəmiz bir müddət əvvəl öz xoş məramını və eyni zamanda da prinsipial mövqeyini bir daha nümayiş etdirərək Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olacaq 5 əsas prinsipi irəli sürüb. Bu prinsiplər beynəlxalq hüququn fundamental prinsipləridir və heç şübhəsiz bu baza əsasında münasibətlərdə normallaşmaya nail olmaq mümkündür. Yetər ki, Ermənistan bu məsələdə adekvat mövqedən çıxış etsin. Bunun üçün də bütün tərəflərin qəbul etməli olduğu ən mühüm amil budur ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb və bu baxımdan tərəflər arasında praktiki olaraq müzakirə edilməli məsələ yoxdur.”

Daha sonra N.Aslanov Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış 31 oktyabr 2022-ci il tarixli Soçi Bəyanatının əhəmiyyətindən bəhs edərək bunları deyib: “Həmin Bəyanatda qeyd olunur ki, tərəflər güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəliblər. Başqa sözlə desək, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdıqlarını bəyan ediblər. Beləliklə, suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini də tanıdığını növbəti dəfə bəyan etmiş oldu. Bu isə Azərbaycanın siyasi-diplomatik müstəvidə əldə etdiyi növbəti inamlı qələbəsidir. Birmənalı olaraq deyə bilərik ki, Soçi Bəyanatı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində ölkəmizin mövqelərini daha da gücləndirdi”, - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.