Novruzəli Aslanov: “Şuşa Bəyannaməsi bütün Türk dünyasının gücünə güc qatan tarixi sənəddir”

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Bu tarixi sənədin imzalanması ilə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsası qoyuldu. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırmaqla, ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edən vacib amilə çevrildi. Bu gün Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir, davamlı regional sülhə yol açır, bölgədə inteqrasiya proseslərini stimullaşdırır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən deputat Şuşa Bəyannaməsinin siyasi və iqtisadi əhəmiyyətini xüsusi vurğulayıb və bildirib ki, bu sənəddə ölkələrimizin siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərinin təşviq edən müddəaların yer alması xüsusi önəm kəsb edir: “Vacib məqamlardan biri də budur ki, Şuşa Bəyannaməsi işğaldan azad edilmiş ərazilərə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırmaqla, regionun artan investisiya potensialı əsasında yeni iqtisadi münasibətlərin formalaşmasına yol açıb. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Yeni yaranmış geosiyasi reallıqlar isə bütün regionun və qlobal baxımdan bütün Avrasiya məkanı ölkələrinin maraqlarına cavab verir. O cümlədən Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir. Həmçinin Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunun artmasına mühüm töhfədir. Bəyannamə ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyən edir və əlaqələri ən yüksək səviyyəyə qaldırır. Şuşa Bəyannaməsində xüsusilə diqqət çəkən məqamlardan biri də budur ki, sənəddə hərbi və təhlükəsizlik sahələrində birgə fəaliyyətl təşviq edilir. Başqa sözlə desək, iki qardaş ölkədən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və ya təhlükəsizliyinə qarşı hər hansı xarici qüvvələr tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, yaranmış vəziyyətdə birgə məsləhətləşmələr aparılması, beynəlxalq hüquq kontekstində bu təhdid və ya təcavüzün aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərilməsi nəzərdə tutulur. Həmçinin Şuşa Bəyannaməsində hər iki ölkənin Silahlı Qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması kimi müddəaların yer alması həm Azərbaycanın, həm də Türkiyənin hərbi-müdafiə qüdrətinin qrtmasına xidmət edir.”

Daha sonra N.Aslanov Bəyannamənin imzalanması tarixinin rəmzi məna daşıdığını qeyd edərək bunları deyib: “Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti cənab İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq belə demişdir: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”. Aydındır ki, bu mühüm tarixi sənəd ilk növbədə Ermənistandakı revanşist qüvvələrə və onların havadarlarına mühüm və ciddi mesajdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, suverenliyinə hər hansı şəkildə təhdid yaradılması kimi hallar baş verəcəyi təqdirdə öz ordusi ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqelərinin daha da möhkəmlənməsini şərtləndirir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.