“Ulu Öndər Heydər Əliyevin 1991-ci ildə Naxçıvanda təsis etdiyi həmrəylik günü hər bir azərbaycanlı üçün xalqımızın dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən inam və ümid anına çevrilmişdir. Ümummilli Lider Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etməklə xalqımızın və dövlətimizin bugünkü uğur və nailiyyətlərinin əsasında duran ən mühüm amillərdən birinin formalaşmasına – xalqın birləşməsinə və ideoloji həmrəyliyinə nail olub. Bu məsələyə son dərəcə böyük önəm verən Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı iş gününün gərginliyinə rəğmən mütləq həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşlərə də vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında qəbul edilmiş qərarın müstəsna əhəmiyyəti ilə bağlı fikirlərini davam etdirən millət vəkili vurğulayıb ki, məhz həmin qərar dünya azərbaycanlılarını bugünkü birliyə gətirən yolda atılmış ilk və ən vacib addım olmuşdur: “Həmin tarixi iclasda Naxçıvanın Ali Məclisi müvafiq qanunvericilik aktının qəbul olunması üçün Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi və dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, 31 dekabr tarixinin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul etdi. Bu gün isə artıq bütün dünya azərbaycanlıları rəsmən bu günü bayram kimi qeyd edirlər. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq məfkurəsi bu bayramın qeyd olunması ilə bütün dünyada yaşayan soydaşlarımızın düşüncəsində daha dərin köklər salır və onların gündəlik həyatlarının istiqamətlənməsində müstəsna rol oynayır. Qürurverici haldır ki, hazırda bu bayramı dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq soydaşlarımızla birlikdə milliyyətcə azərbaycanlı olmayan, lakin ölkəmizdə doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər. Bu isə həmin insanların özlərinə doğma bildikləri Azərbaycanın həm də bu gün artıq bütün dünyada qalib və güclü bir dövlət kimi tanınmasının bir nəticəsidir. Əlbəttə ki, bu gün xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirmiş cənab Prezident İlham Əliyevin diaspor quruculuğu sahəsində atdığı addımların əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Bu istiqamətdə atılmış ən vacib addımlardan biri sözsüz ki, Ölkə Prezidenti cənab İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılması olmuşdur. Fondun əsas hədəfi xaricdə yaşayan azərbaycanlılara və onların yaratdıqları qurumlara beynəlxalq hüquq normaları çərçivəsində öz tarixi Vətənləri ilə əlaqə yaratmaqda, milli-mənəvi dəyərləri mənimsəməkdə, yaşatmaqda və inkişaf etdirməkdə, eləcə də Azərbaycana dost münasibəti bəsləyən digər xalqların diasporları ilə əlaqələr qurmaqda kömək etmək, Azərbaycanı beynəlxalq aləmdə təbliğ etmək və mənafelərini etibarlı müdafiə etmək, ölkəmizdə həyata keçirilən müstəqil, hüquqi, dünyəvi dövlət və demokratik cəmiyyət quruculuğu, sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişaf haqqında xaricdə yaşayan soydaşlarımızı, habelə digər xalqların diasporlarını məlumatlandırmaq, bu barədə informasiyanı televiziya, radio, dövri mətbuat və digər vasitələrlə yaymaqdan ibarətdir. Həmçinin möhtərəm dövlət başçımızın təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi də bu sahədə görülən işlərin daim dövlətimizin diqqət mərkəzində saxlandığından xəbər verir. Bu gün də dünya azərbaycanlılarının institusional həmrəyliyinin təcəssümü olan diaspor təşkilatlarının inkişaf etdirilməsi yüksək dinamika ilə həyata keçirilir. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşlarımız bilirlər ki, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var və bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.