Azərbaycanda tikilməkdə olan ilk ödənişli magistral avtomobil yolunda tikinti işləri yekunlaşmaq üzrədir.
Sabahinfo.az xəbər verir ki, bunu trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
O bildirib ki, ölkənin ilk ödənişli Bakı-Quba-Rusiya sərhəddi avtomobil yolunda hazırda tikinti işləri ilə paralel olaraq turniketlər quraşdırılır.
"Artıq tamamlanma işləri gedir. Hazırda son 27 kilometrlik hissənin asfaltlanması işləri aparılır. Yolun qalan hissəsinin asfaltlanması başa çatdırılıb. Yolun ödənişli olması üçün nəzarət buraxılış məntəqələri və turniketlər quraşdırılır. Həmçinin yollarda ağır tonluq yük maşınlarının çəkisinin müəyyənləşdirilməsi üçün tərəzilər quraşdırılır. Öhdəlik götürmüşük ki, ilin sonuna qədər işlər tam yekunlaşdırılacaq və yol istifadəyə veriləcək",-S. Məmmədov deyib.