Azərbaycanın iqtisadi qüdrəti də yüksəlməkdədir. İndi Azərbaycan Cənubi Qazqazın ən inkişaf etmiş dövlətidir. Siyasi nüfuzunun yüksəlişi ilə iqtisadi qüdrətinin də artması ona dünyəvi ehtiram qazandırır.
Azərbaycanın paytaxtı Bakı şəhəri dünyanın ən gözəl şəhərləri sırasındadır. Paytaxtla bir sırada əyalətlər də inkişaf etdirilir, işğaldan azad edilmiş ərazilərdə şəhərlər, kəndlər də yenidən qurulur. Azərbaycanda sənaye də, kənd təsərrüfatı da dinamik inkişaf etdirilməkdədir. Kənd təsərrüfatının inkişafı həm də ölkənin suvarma sistemi ilə bağlıdır. Bu baxımdan ölkə başçısının yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxışı yaxın gələcəyin gerçəkliklərinin başlanğıcı kimi tarixləşir. Bu tədbir Azərbaycanda yaxın gələcəkdə kənd təsərrüfatının daha yüksək inkişaf səviyyəsinə nail olacağının zəmanətidir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür.
Son illər ərzində əsas infrastruktur layihələri icra edildiyini xatırladan ölkə başçısı dedi: “Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır”.
Ölkədə qazlaşdırmanın səviyyəsinin 96 faizə çatdığını, elektrik enerjisi ilə təminatın və yeni elektrik stansiyalarının yaradılmasnın geniş vüsət aldığını, növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifənin içməli su layihələri və suvarma layihələri olacağını da bildirən cənab Prezident inamla bildirdi ki, “Erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona artıq su veriləcək. Bir müddət əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olmuşdur. Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək”.
Hələ neçə il əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qürurla demişdi: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır”. Güclü dövlət kimi dünyanın əksər dövlətinin ehtiramı ilə əhatələnib, güclü ordu kimi torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyü tam təmin olundu. Ölkə başçımız cənab İlham Əliyev Şirvan su kanalının təməlqoyma mərasimində çıxışında güc amili ilə bağlı yenə böyük qürurla, hər bir azərbaycanlının qürurunu kükrədən qürurla dedi: “Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir. Biz Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görürük ki, bunun dünyada misli-bərabəri yoxdur. Həm yaşayış evləri, infrastruktur layihələri, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanları cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, hökumətimizin və dövlətimizin iradəsini göstərir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxışı hər bir Azərbaycan vətəndaşının Vətən sevgisini daha da artırır...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı