Yola saldığımız həftə ərzində baş verən hadisələri, xüsusi siyasi məqamları dəyərləndirmək üçün millət vəkili Cavanşir Feyziyev ilə söhbət etdik. Metbuat.az həmin müsahibəni təqdim edir:
-Cavanşir müəllim, millət vəkili Fazil Mustafaya qarşı törədilən cinayət hadisəsi cəmiyyətdə dalğa effekti yaratdı. Hadisəni törədənlərin məqsədi və onların bu hərəkətlərinə cavab necə olmalıdır?
- Məqsəd Azərbaycan dövlətinin müstəqil siyasət aparmasına mane olmaq, regionda təhlükəsizliyə zərbə vurmaqla Azərbaycanın dünya ilə iqtisadi, siyasi, mədəni əlaqələrinin genişlənməsinin qarşısını almaq, ölkə daxilində təşviş və xaos yaratmaq, ölkəmizin artan nüfuzuna kölgə salmaqdan ibarətdir. Bu, bir terror aktıdır. Terrorçulara isə heç bir güzəşt ola bilməz. Cavabımız daha qətiyyətli və daha kəsərli olacaq.
-Hadisədən sonra həmkarlarınızdan bəziləri millət vəkillərinə silah verilməsi məsələsini gündəmə gətirdilər. Buna ehtiyac varmı?
- Əminliklə qeyd edə bilərəm ki, buna ehtiyac yoxdur. Biz dövlət müstəqilliyimizi bərpa edib onu möhkəmləndirmək və müstəqil bir dövlətin azad vətəndaşı kimi sərbəst və firavan yaşamaq naminə 30 il mübarizə aparmışıq. Bu gün ölkəmiz ictimai asayişin yüksək dərəcədə təmin edildiyi sabitlik məkanıdır. Belə bir ölkədə silahla gəzməyi və silahla yaşamağı ilk növbədə mənəvi baxımdan qəbul edə bilmirəm. Ölkəmizdə silah o adamların əlindədir ki, onlar dövlətimizi və vətəndaşlarımızı layiqincə peşəkarlıqla qoruyurlar. Bu belə də olmalıdır. Bu bizə kifayətdir. Belə tək-tək terror aktlarının törədilməsinə dünyanın hər bir ölkəsində rast gəlmək olar. Bir hadisəyə görə vətəndaşların, o cümlədən deputatların silaha sarılmağını düzgün addım hesab etmirəm. Digər tərəfdən, silahın saxlanma və istifadə qaydalarının mümkün pozulması halları daha çox fəsadlar törədə bilər. Ona görə də belə təkliflərin əleyhinəyəm.
-Necə düşünürsünüz, cinayət faktının Azərbaycanın İsraildə səfirlik açdığı tarixə bir gün qalmış baş verməsi təsadüf, yoxsa əksinə planlı bir addım idi?
- Terror hadisəsi ilə bağlı ehtimallar çoxdur və onun İsraildə səfirliyimizin açılmasına cavab reaksiyası ola biləcəyini də istisna etmək olmaz. Amma 30 illik işğala boyun əyməyən Azərbaycan dövlətini və xalqını bir terror hadisəsi ilə qorxutmaq və öz siyasətindən döndərmək mümkün deyil. İsrail bizim üçün qardaş ölkələrdən biridir və iki ölkə arasında münasibətlərin genişlənməsinə və dərinləşməsinə heç bir qüvvə mane ola bilməz. Beynəlxalq əməkdaşlığın bütün sahələrində İsrail Azərbaycanın strateji tərəfdaşıdır və bu münasibətlər daha yüksək səviyyəyə qaldırılacaq.
-Bildiyiniz kimi, ordumuz son günlərdə mühüm strateji yüksəkliklərə nəzarət əldə etdi. Ordumuzun belə üstünlük qazanması, anti-terror əməliyyatları üçün hazırlıq mərhələsidir, yoxsa Azərbaycan səbir etməklə sülhə dəvət müddətini uzatmaq istəyir?
- Laçın rayonu ərazisində bir sıra yüksəkliklərin nəzarət altına alınması Qarabağ bölgəsində təhlükəsizliyin gücləndirilməsi istiqamətində atılan zəruri addımdır. Azərbaycan ordusu öz ərazisində vəziyyətdən asılı olaraq istənilən yerdə özünə mövqe seçə bilər və burada təəccüblü heç nə yoxdur. O ki qaldı Azərbaycanın sülh dəvətinə, dövlət başçısı bu dəvəti Vətən müharibəsi başa çatandan dərhal sonra bəyan edib və Azərbaycan həmişə sülhə sadiqliyini sübut edib. Lakin Ermənistan hələ də öz mövqeyini müəyyənləşdirə bilməyib. Qarabağda yaşayan ermənilər də bu qeyri-müəyyənliyin girovlarıdır. Əminəm ki, Qarabağda doğulmuş və yaşamış ermənilərin böyük əksəriyyəti Azərbaycan vətəndaşlığını bərpa edib həmin ərazidə daha yaxşı şəraitdə yaşamaq istəyərdilər. Lakin Ermənistanın və dünya erməniliyinin ölkəmizə qarşı çirkin niyyətləri son nəticədə Qarabağ ermənilərinin həyatını cəhənnəmə döndərib. İndi seçim ermənilərindir: ya bütün həyatını cəhənnəm oduna yandırmalı, ya da siyasi alver məqsədi ilə onları girov saxlayan qondarma separatçı qurumu Xankəndidən qovub Azərbaycan bayrağını qaldırmalıdırlar. Onlar bunu etməyəcəyi halda Azərbaycan dövləti bütün hüquqi imkanlardan istifadə etməklə həmin ərazi üzərindədə öz suverenliyini tam şəkildə bərpa edəcək. Bu anti- terror əməliyyatı da ola bilər, pasport rejiminə nəzarət əməliyyatı da ola bilər. Bu artıq dövlətin seçimi olacaq.
Metbuat.az