Ölkəmiz hər zaman əməkdaşlığa açıqdır

İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Şuşada keçirilən 27-ci iclasının iştirakçılarına ünvanladığı məktubunda Prezident cənab İlham Əliyev Azərbaycan həqiqətlərinə diqqət çəkərək ölkəmizin 30 il erməni vandalizmindən əziyyət çəkdiyini qeyd edib. Ölkə başçısı məktubda bildirdib ki, 30 illik işğalın Azərbaycan xalqı üçün ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən İslam dininə aid bütün abidələrə qəsdən vurulmuş ziyandır. Əfsuslar olsun ki, bu dövrdə 67 məsciddən 65-i yerlə-yeksan edilmiş, qalan məscidlərə qarşı isə heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədilmişdir. Bu günlərdə daha bir məscidin – Malıbəyli məscidinin dağıdılması və tövlə kimi istifadə edilməsi faktı aşkar edilmişdir. Bütün bunlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması deməkdir.

Ölkəmiz 2020-ci ildə əzəli torpaqlarımızı Ermənistanın işğalından azad edərək tarixi ədaləti bərpa edib. Otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir.

Prezident cənab İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı məktubunda vurğulayıb ki, qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir. Bütün bu layihələr regionun beynəlxalq statusunun artmasına xidmət edir. Azərbaycanın həyata keçirdiyi regional və beynəlxalq əhəmiyyətli nəqliyyat layihələri ölkəmizin tranzit ölkə statusunu möhkəmləndirir. Ölkə başçısı da məktubunda qeyd edib ki, Azərbaycan etibarlı tranzit ölkədir və bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri üçün açıqdır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik. Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır.

İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Şuşada keçirilən 27-ci iclasının iştirakçılarına ünvanladığı məktubunda Prezident cənab İlham Əliyev iclası açıq və səmərəli müzakirələrin aparılması üzrə beynəlxalq platforma kimi qiymətləndirmişdir. Ölkə başçısı həmçinin bildirmişdir ki, Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” kimi müəyyən edilməsi hazırkı dövrdə xüsusi aktuallıq kəsb edir.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri