“Ölkəmiz tarixən türk dünyasını birləşdirməyə yönələn ideyaların təşəbbüsçüsü olub” - ŞƏRH EDİLDİ

“5-6 iyun tarixlərində TÜRKPA-nın 13 Plenar iclası Bakıda keçirildi və təşkilata sədrlik Türkiyədən Azərbaycana dövr edildi. Bakıda TÜRKPA tədbirinə qatılan türk dövlətləri parlament rəhbərlərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul etdi. Görüş zamanı Prezident İlham Əliyev türk dövlətləri arasında siyasi münasibətlərin yaxınlaşmasında və inteqrasiya proseslərinin sürətləndirilməsində parlamentlərin rolunu yüksək qiymətləndirdi”.

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, dövlət başçısı mövcud qlobal şəraitdə türk dövlətlərinin öz siyasətini vahid siyasi platforma əsasında uzlaşdırmağın vacibliyindən danışıb: “2020-ci ilin Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlara diqqət çəkən Prezident bu mərhələdə bütün türk dövlətləri arasında iqtisadi-ticari əlaqələrin gücləndirilməsini, Orta Dəhliz layihəsi ətrafında səylərin birləşdirilməsini zəruri hesab etdiyini bildirdi. Tarixən Azərbaycan bütün türk dünyasını birləşdirməyə yönələn ideya və layihələrin təşəbbüsçüsü olub. Bu gün də türk dünyasının qərbi ilə şərqinin sıx əlaqələrlə Azərbaycan üzərindən birləşdirilməsi Azərbaycan xarici siyasətinin aparıcı istiqamətidir. Şimal-cənub və şərq-qərb nəqliyyat marşrutlarının ölkəmizdə qovuşması Azərbaycanı bütün türk dövlətlərinin cazibə mərkəzinə çevirməkdədir”.

Millət vəkili sözlərinə davam edərək bildirib ki, yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması qardaş ölkələr arasında inteqrasiya proseslərinə yeni bir təkan verəcək: “Bütün bu proseslərin sağlam əsaslar üzərində və daha səmərəli şəkildə həyata keçirilməsi işində türk dövlətlərinin parlamentləri üzərinə də xüsusi məsuliyyət düşür. Türk dövlətlərinin milli qanunvericiliklərinin bir- birinə uyğunlaşdırılması daha dərin inteqrasiya üçün zəmin hazırlayır. TÜRKPA-nın əvvəlki iclaslarında olduğu kimi, Bakıda keçirilmiş 13-cü Plenar sessiyada da bütün türk dövlətləri üçün bir neçə model qanunların layihəsi müzakirə olundu və qəbul edildi. TÜRKPA öz missiyasını uğurla yerinə yetirir və türk dünyası çərçivəsində inteqrasiya proseslərinin sürətləndirilməsi istiqamətində dövlətlərimiz tərəfindən aparılan fəaliyyətlərə daim dəstək verir”.