Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin təşkilatçılığı ilə ABŞ, Filippin, Danimarka, İtaliya, Hollandiya və digər ölkələrdən gələn beynəlxalq ekspertlər tərəfindən Azərbaycanda Beynəlxalq-Tibbi Sanitariya Qaydalarına əsasən Birgə Xarici Qiymətləndirmə (BXQ) həyata keçirilir. Qiymətləndirmənin məqsədi ictimai səhiyyədə fövqəladə hallara qarşı hazırlıq səviyyəsinin müəyyən edilməsi və hədəflərin əlçatanlığının ölçülməsi, Beynəlxalq Tibbi-Sanitariya Qaydalarının (BTSQ) tətbiqində potensialın gücləndirilməsi prosesinə dəstək, BTSQ çərçivəsində milli planın hazırlanmasında beynəlxalq təcrübəyə əsaslanan tövsiyələr verməkdir.
Qiymətləndirmə zamanı Dövlət Gömrük Komitəsinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yerləşən gömrük postunda beynəlxalq ekspertlər tərəfindən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi, gömrük postu və liman rəhbərliyi ilə birlikdə monitorinq aparılıb, postda həyata keçirilən əks-epidemik və ilk yardım tədbirləri barədə ekspertlərə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin yaradılması, vəzifələri və fəaliyyəti, gördüyü işlər, gömrük sərhəd buraxılış məntəqələrində ictimai səhiyyə sahəsində baş verə biləcək hadisələrlə bağlı reallaşdırılan tədbirlər barədə iştirakçılar ətraflı məlumatlandırılıblar.