Ölkə başçısı İlham Əliyev hər bir platformada Azərbaycanın dövlət və milli maraqlarını, gələcəyə baxışını çox yüksək səviyyədə təqdim və müdafiə edir. Cari ilin may ayının 25-də Azərbaycan prezidentinin Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirakı bu fikri bir daha sübut edir. Azərbaycan Avrasiya İqtisadi İttifaqının üzvü deyil və Azərbaycanın bu təşkilata üzvlüyü ilə bağlı heç bir açıqlaması və mövqeyi yoxdur. Ölkəmiz üçün hər zaman həm iqtisadi, həm də siyasi baxımdan müstəqil siyasət həyata keçirmək prioritetdir. Azərbaycan Ermənistan istisna olmaqla Aİİ-yə daxil olan Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstanla iki və çoxtərəfli formatda sıx iqtisadi-siyasi əlaqələrə malikdir.Elə tək ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsinin 31 faiz artması və 4,7 milyard dollar təşkil etməsi bu fikri bir daha əyani şəkildə sübut edir.
Azərbaycanın bu gün hər hansı bir beynəlxalq iqtisadi təçkilatın üzvü olmasına ehtiyacı yoxdur. Bu fikri çıxışı zamanı Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı:Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Ölkə başçımız bir daha qeyd etdi ki, “hazırda qarşımızda duran başlıca məsələlərdən biri ixracın şaxələndirilməsidir. İqtisadiyyatın şaxələndirilməsinə gəlincə, bu məsələ uğurla həll olunur. Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq qeyri-xammal sektorunda formalaşır. İxracata gəlincə, qeyri-xammal sektorunun ixracını artırmaqdan ötrü biz hələ fəal işləməliyik”. Həmin çıxışda mühüm məsələlərdən biri də Azərbaycanda demoqrafik artımın iclas iştirakçılarının diqqətinə çatdırılması idi. Biz bilirik ki, son illər Aİİ-yə daxil olan ölkələrin bir çoxunda, eləcə də Avropanın bir sıra ölkələrində demoqrafik artım yoxdur. Azərbaycanda isə son 30 il ərzində Azərbaycan əhalisinin sayı 7 milyondan 10 milyona qalxıb və artıq əhalinin sayı 10 milyonu ötmüşdür. Bu isə öz növbəsində yeni iş yerlərinin yaradılması istiqamətində fəal səylər tələb edir. Prezident İlham Əliyev bu sahədə də işlərin aparıldığını bildirdi.
Həmçinin Prezident İlham Əliyevin çıxışı zamanı ən çox diqqəti çəkən məqamlardan biri Zəngəzur dəhlizi layihəsinin beynəlxalq Şərq-Qərb və Şimal-Cənub dəhlizləri fonunda əhəmiyyətini göstərmək idi ki, ölkə başçısı bununla bağlı çox önəmli açıqlamaları ilə yadda qaldı:Zəngəzur dəhlizi beynəlxalq dəmir yol marşrutlarının bir hissəsinə çevriləcək. Azərbaycan, sadəcə, dayanıqlı və özünü təmin edən iqtisadiyyatını xarici siyasətlə əlaqələndirmək və onu daha da şaxələndirmək və dərinləşdirmək üçün Aİİ-nin iqtisadi prioritetlərini nəzərdən keçirir. Ölkəmizin həm Qoşulmama Hərəkatına üzvlüyü, həm də Hərəkat çərçivəsində nümayiş etdirdiyi fəallıq bilavasitə məhz bununla bağlıdır. İstər ölkəmizdə, istərsə də geosiyasi və qlobal layihələrdə Azərbaycanın həyata keçirdiyi həm enerji, eyni zamanda nəqliyyat dəhlizləri layihələrində əsas prioriteti müstəqil siyasət yürütməsinə bağlıdır ki, bu da Azərbaycanın istənilən prosesə öz mövqeyini açıq və sərbəst formada bildirməsində əsas amildir.Rəsmi Bakının hazırda əsas məqsədlərindən biri ölkə ərazisini nəqliyyat dəhlizlərinin habına çevirməkdir. Və addım-addım bu istəyinə nail olur. Ölkə başçımızın real, əsaslı faktlara dayanaraq, praqmatik siyasəti nəticəsində bu məqsədə yaxınlaşırıq.
Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasında Prezident İlham Əliyevin erməni baş naziri Nikol Paşinyanın iddialarına verdiyi səlis və tutarlı cavablarda bir çox detallar diqqəti çəkir. İlk olaraq, ölkə başçısı bir daha bəyan etdi ki, Azərbaycanın heç bir ərazi iddiası yoxdur. Ermənistanın baş nazirinin əsassız və heç bir siyasi biliyə əsaslanmayan “dəhliz” ifadəsi ilə bağı səsləndirdiyi fikrə Azərbaycan Prezidentinin verdiyi cavab isə əsl ustad dərsi idi: “Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim “dəhliz” sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq “Şimal-Cənub” dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə “Şərq-Qərb” dəhlizinə münasibətdə də istifadə olunur. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər”.
Ölkə başçımız Paşinyanın “Laçın dəhlizi bloklanıb” iddiasına cavabında “heç bir dəhlizin bloklanmadığını” bildirərək qeyd etdi ki, Laçın-Xankəndi yolu açıqdır: “Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir. Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir”. Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər isə təkcə Ermənistan üçün deyil, bir çoxları üçün mühüm mesajlar idi.
Azərbaycan Prezidentinin üçtərəfli bəyanatın imzalanmasında iştirak edən əsas tərəflərin qarşısında belə bir iddialı çıxışı Nikol Paşinyana verilən növbəti diplomatiya dərsi kimi yadda qaldı. Ölkə başçısı bununla həm Ermənistana, həm də onun havadarlarına mesaj verdi ki, bütün manə və təzyiqlərə baxmayaraq, Zəngəzur dəhlizi ideya həyata keçiriləcəkdir. Əlbətttə ki, Zəngəzur dəhlizinin böyük əhəmiyyəti vardır. Bu dəhliz Azərbaycanla onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında olan quru əlaqələrinin təmin olunması ilə yanaşı, daha geniş coğrafiyanı əhatə edəcək nəqliyyat və loqistika layihələrinin həyata keçirilməsi üçün vacib amillərdən biridir. Və hətta Ermənistan üçün də nəfəslik rolu oynaya bilər. Lakin əfsuslar olsun ki, Ermənistan destruklivliyindən əl çəkmir. Bir-birinə zidd açıqlamalar verən Ermənistanın baş naziri və digər məsul şəxslər sözdə nəqliyyat kommunikasiyalarının açılmasını istədiklərini bəyan edir, əməldə isə tamam başqa bir yanaçma sərgiləyirlər. Yəni rəsmi İrəvanın sözü ilə əməli hələ də uzlaşmır. Baxmayaraq ki, Ermənistan üçün geri addım atmaq, manipulyasiya cəhdləri bu ölkəni hər gün daha sürətlə məhvə sürükləyir.
Beləliklə, ölkə başçımızın həyata keçirdiyi siyasət nəticəsində yaranmış yeni reallıqlar ildən-ilə Azərbaycanın tək Cənubi Qafqazda deyil, bütün regionda və dünyada nüfuzu artır.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova