Ölkəmizin dövlət səviyyəsində aparılan idman siyasəti idmana yüksək diqqət və qayğı örnəyidir

Azərbaycanın  beynəlxalq idman oyunlarında, Olimpiadalarda, dünya çempionatlarında hər zaman yüksək səviyyədə iştirakı ölkəmizin idman uğurları olmaqla yanaşı, həm də uğurlu dövlətlətlərarası dostluq münasibətlərimizin təməlində dayanan məsələlərdən biridir. Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması və bu sahədə qazandığımız nailiyyətlərin təməlində dövlət səviyyəsində formalaşdırılmış və hər zaman diqqət mərkəzində olan idman siyasəti dayanır.

Bu siyasətin təməli isə Ulu Öndər tərəfindən qoyulmuşdur.Azərbaycan gənclərinə hər zaman böyük qayğı ilə yanaşan, onların sağlam nəsl kimi formalaşdırılmasına çalışan Ulu Öndərimiz Heydər Əliyevin gəncləri idmana təşviq etməsi, onun özünün idmana olan sevgisi, qayğısı, idmançılara, idman mütəxəssislərinə göstərdiyi böyük diqqət hər kəsə bəllidir. Həm də Ulu Öndərin  Azərbaycan idmanına bu qayğı və diqqəti hələ onun Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdən başlamışdır. Heydər Əliyevin göstərişi ilə Azərbaycanın demək olar ki, bütün şəhər və rayonlarında idman uşaq mərkəzləri, üzgüçülük hovuzları tikilmiş, təhsil müəssisələrində idmana xüsusi istedadı olan uşaqların aşkarlanması üçün idman dərslərinə xüsusi diqqət ayrılması tapşırılmışdır. Hələ sovet dövründə Azərbaycanın bütün rayonlarında şahmat məktbləri tikilmiş, istedadlı uşaqlar bu məktəblərə cəlb olunmuşdur. Azərbaycan şahmatının müasir uğurlarının təməlində məhz həmin məktəblər dayanır.

SSRİ dağıldıqdan sonra isə bütün sahələrdə olduğu kimi, idman sahəsində də durğunluq hökm sürürdü. İdman bazaları baxımsızlıq, maliyyə çatışmazlığından fəaliyyətlərini dayandırmış, gənclərin idmana marağı azalmışdı. Peşəkar məşqçilər və idmançılar Azərbaycanı tərk eedir, başqa ölkələrin bayrağı altında çıxış etməyə üstünlük verirdi. Yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra idmana maraq yenidən artmağa başlamış və bu sahədə məqsədli dövlət siyasəti yeridilmişdir. Cənab Prezident İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi də həmin dövrdə ölkəmizdə idmanın inkişafına təkan verən amillərdən biri olmuşdur.
Ökəmizdə müvəffəqiyyətlə keçirilmiş müxtəlif beynəlxalq idman tədbirləri və idmançılarımızın qələbələri təsdiq edir ki, Azərbaycanın uğurlu idman siyasəti cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Cənab Prezidentin və Birinci Vitse- prezident Mehriban xanım Əliyevanın dünya səviyyəli idman tədbirlərinin ölkəmizdə təşkil olunmasında göstərdikləri böyük təşəbbüslər, idman yarışları keçirilərkən tədbirlərdə şəxsən iştirak etmələri, idmançılarla görüşmələri, onları ruhlandırmaları, qalib  və uğur qazanmış idmançıları qəbul etmələri, onları dövlət səviyyəsində mükafatlandırmaları idmana göstərilən dövlət diqqətinin təzahürləridir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın idmanın inkişafına xüsusi diqqətini xüsusilə qeyd etmək lazımdır. Bütün idman federasiyaları, idman klubları və idmançılar dövlətin qayğısı ilə əhatə olunub. Azərbaycanda idmançıların sosial vəziyyətinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması da həmişə diqqət mərkəzində olub. İdmançılarımız da öz növbələrində beynəlxalq yarışlarda uğurla çıxış edərək xalqımızı qələbə və medallarla sevindirdirir, bayrağımızı mötbər arenalarda dalğalandıraraq xalqımıza qürur və sevinc hissi yaşadırlar.

Bu gün Azərbaycan dünyada beynəlxalq idman yarışlarının mahir təşkilatçısı və istedadlı idmançıların vətəni kimi tanınır. 2022-ci il də Azərbaycan idmanı üçün uğurlu il olmuş, bu sahədə qarşıya qoyulan bütün vəzifələr icra edilmişdir. İdmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Türkiyənin Konya şəhərində keçirilmiş İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın uğurlu çıxışını xüsusi qeyd etməliyik. 56 ölkənin iştirakı ilə keçirilmiş oyunlarda idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Xatırladım ki, 5 il bundan qabaq isə İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmiş və idmançılarımız tarixi qələbə qazanaraq komanda hesabında birinci olmuşdur.

Azərbaycan idmanın bu gün ən böyük nailiyyəti odur ki, idmanımızın inkişafı stabil və davamlıdır. Yəni, nəsillərin dəyişməsi, görkəmli idmançılarımızın idmandan uzaqlaşması halları baş versə də, ümumilikdə Azərbaycan idmanı inkişaf etməyə davam edir. Çünki gənc idmançıların yetişdirilməsi prosesi davamlı olaraq həyata keçirilir. Nəticədə yaşı və ya səhhəti ilə əlaqədar idmandan uzaqlaşmış usta idmançılarımızın təcrübəsi gənc nəsillərə ötürülür. Bölgələrimizin idman sahəsində inkişafına xüsusi diqqət ayrılması da Azərbaycanın hər yerindən yeniyetmələrin idmana cəlb edilməsinə şərait yaradır. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdı və bu proses davam etdirilir.

Tarixi Zəfərimizlə düşmən işğalından azad edilmiş rayonlarımızda da idman müəssisələrinin yaradılması nəzərdə tutulur. Artıq bütün azad edilmiş şəhərlərin Baş planları təsdiq edilib və Baş planlar əsasında aparılacaq bərpa-quruculuq işlərinin daxilində idman obyektlərinin yaradılması nəzərdə tutulur. Ağdamın məşhur “İmarət” stadionu da yenidən bərpa ediləcək. İşğaldan azad olunmuş ərazilərimiz xüsusən bir idman növü ilə məşhurdur ki, bu sahədə hətta dünya brendinə çevrilmişdir. Əlbəttə, söhbət Qarabağ Atçılıq Kompleksindən gedir. İşğal dövründə Qarabağ Atçılıq Kompleksi Ağcabədi rayonunda yaradılmışdır. Vətən Müharibəsində qazanılmış qələbədən sonra bu qədim idman növümüz də öz doğma torpaqlarına qayıdır. Keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulmuşdur.

Ölkəmizin dünyada güclü idman dövləti kimi qazandığı adı qorumaq və daha da yüksəklərə qaldırmaq, gənclərimizin sağlam formalaşmasını təmin etmək, mötəbər idman yarışlarının təşkil edilməsində dünya nümunəsi yaratmağa davam etmək və idmanın dövlətləri, xalqları birləşdirən dəyərlərindən istifadə edərək dünya dövlətləri ilə dostluq əlaqələrimizi möhkəmləndirmək üçün Azərbaycanın idman sahəsindəki dövlət siyasəti bundan sonra da ən yüksək səviyyədə davam edəcək və inanırıq ki, Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi hər zaman yüksəklərdə saxlayacaqlar.
 
 
Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin
sədri Ziyafət Əsgərov