Ölkənin enerji resursları uzunmüddətli inkişaf proqramlarının reallaşdırılmasına imkan verir

"Azərbaycan bu gün azsaylı ölkələrdən biridir ki, enerji resurslarını ölkənin sosial-iqtisadi inkişafı məqsədilə ciddi üstünlüyə çevirə bilib. Əlbəttə ki, bu strategiyanın əsası 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulub. Bu müddət ərzində hökumətin həyata keçirdiyi müstəqil enerji siyasəti ölkənin qlobal enerji təhlükəsizliyində oynadığı rolu daha da möhkəmləndirməklə yanaşı, xalqın maraqlarını, dövlətin təhlükəsizliyini və regionun inkişafını da göz ardı etməyib. Hazırda isə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar və iqtisadiyyatın diversifikasiya etdirilməsi proqramlarını postneft dövrünə hazırlıq kimi qiymətləndirmək olar. Baxmayaraq ki, ölkənin enerji resursları kifayət qədər böyükdür və bu, uzunmüddətli inkişaf proqramlarının reallaşdırılmasına imkan verir, Azərbaycanın erkən hazırlıqları sadəcə prosesin daha kompleks şəkildə idarə edilməsini şərtləndirir". Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Əminə Ağazadə deyib. 

Deputat qeyd edib ki, enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir: "Bu baxımdan bir sıra nüfuzlu ekspertlərin ''müasir dünyanın siyasi mənzərəsi daha hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına maliklik və malik olmamaq üzrə bölgü ilə müəyyən ediləcək'', – fikri təsadüfi sayılmamalıdır. Bu, bir həqiqətdir ki, inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi sahəsində ciddi problemləri mövcuddur. Bu gün Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir".

Əminə Ağazadə onu da bildirib ki, Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır: "Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxarır. Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib. Azərbaycan öz enerji problemlərini uğurla həll edib. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha da böyük uğurlara gətirib çıxaracaqdır. Hazırkı və perspektivləşən vəziyyət qlobal enerji balansında baş verən təkamüllü dəyişikliklərin nəticələrinə işartılı görüntülər gətirir. Burada stimullaşmaya tam bir əsrə yaxın dominant enerji daşıyıcıları – karbohidrogen resurslarının, xüsusən də neftin tükənmə mərhələsinə daxil olması aspekti daha çevik sürət verir. İnkişaf etmiş yüksək enerji tutumlu industrial dövlətlər dərinləşən bu balans dəyişikliklərinə müvafiq olaraq energetik siyasətlərində əsaslı korrektələr edirlər. Bərpa olunan enerji mənbələrinin və enerji təhlükəsizliklərinin sürətli inkişafı və enerji mənblərinin texnoloji diversifikasiyası enerji təhlükəsizliyi səhəsində əhəmiyyətli faydalar gətirməlidir. Biz "yaşıl" enerji texnologiyalarını, hidrogenlə əlaqəli fəaliyyətləri və müxtəlif enerji növləri arasında bərpa olunan enerjinin mövqeyini gücləndirmək səylərini dəstəkləyirik. Bu sahələr "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in mühüm tərkib hissələridir".