Yunus Oğuz
Müharibə təkcə qələbələrlə, yaxud məğlubiyyətlərlə yaddaşlarımızda həkk olunmur. Onun ağrıları, acıları var, dağılmış, partlamış, yerlə-yekksan olmuş evlərin, binaların bərpası var, neçə ailəyə gözdağı verən ərazilərdən minaların təmizlənməsi var. Bərpadan sonra on illərdir çiyinlərində "köçkün, qaçqın" adını daşıyan insanların təmizlənmiş və demək olar ki, yenidən tikilmiş yerlərə, yurdlara, obalara qayıtması var, dönməsi var.
Bu sevinci, qüruru yaşadan gözlərində nisgili dəfn edib, yenidən ümidlənən, az qala azad olunan yerləri işığa çevirən, müqəddəs sayan insanlarımız vətənimizdə çoxluq təşkil edirlər. Sanki dünənə qədər dərddən, ümidsizlikdən əyilən, sınan, vərəmləyən, qədd-qamətləri bükülən onlar deyildi. Sanki Qələbəmiz hər daşı yerində oturtdu. Milli Ləyaqət və Qürur hər kəsin üzündə, gözündə görünürdü. Belə Fəxarəti xalqımız son iki yüz əlli ildə yaşamamışdı.
Amma, bütüm bunlar ümumiləşdirilmiş şəkildədir, çünki müharibə fərdi olaraq insan psixologiyasına ciddi zərbə vurur. İllah da ki, müharibədə şəhid olanların ailələri, yaxınları, müharibədə yaralanan qazilərimiz, ümumiyyətlə döyüşlərdə iştirak edənlər bu sıradan, bu qəbilədəndirlər. Burada artıq ümumi sevincdən, qələbədən danışmaq heç yerinə düşməz. Məsələyə fərdi yanaşmasan, hər kəsə xüsusi diqqət göstərməsən cəmiyyətin haqlı narazılıqlarının qarşısında durmaq çətin olar, heç durmaq da olmaz. Hər şəhid ailəsi, yaralı, iştirakçı xüsusi diqqət istəyir. Haqq da edir, çünki Qalib dövlətin Qalib əsgəri başqa anlam tələb edir, baxmayaraq ki, birinci Qarabağ savaşında da oddan-alovdan keçənlərimiz az deyildi və onlar da birmənalı şəkildə qürur yerimizdir. Bu qayğını, diqqəti görmək özünü çox gözlətmədi. Keçən il bu zamanlarda cənab Prezidentin sərəncamı ilə "YAŞAT" fondu yaradıldı və dərhal da ictimai maraq dairəsinə düşdü. Belə də olmalı idi, çünki Qalib şəhidlərimizin ailələrinə, yaralı qazilərimizə, əsgərlərimizə xüsusi qayğı və diqqət tələb olunurdu. Doğrusu, fondun əksəriyyəti gənclər olan işçilərinin siyahısını oxuyanda bir az məsələyə şübhə ilə yanaşdım. Düşündüm ki, bu gənclər od-alovdan keçməyiblər, bu insanların ağrı-acılarını necə hiss edəcəklər , onlara necə kömək edəcəklər? İlk görüşdəcə anladım ki, fikirlərimdə yanlışlıqlar olub. Gözlərində Vətən və dövlət eşqi, işləmək həvəsi olan bu gənclərlə-rəhbərliklə bir saatdan bir qədər artıq söhbət etdikdən sonra başa düşdüm ki, bunlarla dağı dağ üstə qoymaq olar.
Budur "YAŞAT" fondunun yaranmasından bir il ötür. Fondun açıq fəaliyyəti, nəyisə gizlətmək, ört-basdır etmək fikrindən çox uzaq olan bu gənclər adi, kiçicik bir məsələni də diqqətdən kənarda saxlamır, ictimaiyyətə və mətbuata demək olar ki, tam açıqdırlar. Operativ məlimatlara, elə operativ də cavab vermək, sanki bu işin ali məktəbini bitirmiş kimidirlər. Axı bu gənclər də bu fondda hər şeyi sıfırdan başlayıblar. Bəlkə də bura təyinat alan gənclərin bəziləri heç bilmirdilər ki, bu iş necə başlayacaq və hansı sonluqla bitəcək?
Haşiyədən kənara çıxaraq bir neçə hadisəni danışım. Özümün iştirakı ilə olan tədbirlərdən danışmağı heç sevmirəm, amma bu mənə yox, "YAŞAT" fonduna aid olduğundan yazıram. Mənə bir neçə dəfə qazilərimiz müraciət etmişdi. Mən də təbiidir ki, bu müraciətləri fonda, onun rəhbərliyinə yönəltdim. Sağ əliniz başqalarının başına! Heç yarım saat keçməmiş məlumatlar mənə və eyni zamanda müraciət edən qazilərə gəldi. İndiyə qədər nə edilib və bundan sonra onların istəyilə nə edəcəklər. Bərəkallahİ Operativlik, bizim dildə desək çeviklik belə olar. Bərəkallah!
Budur, iş göz qabağındadır. Fondun illik hesabatına baxıram. Bu bir ildə neçə istiqamətdə işlər görülüb və nə qədər maliyyə vəsaiti xərclənib.
Fondun hesabına indiyə qədər altmış beş milyon manata yaxın vəsait daxil olub. Təsəvvür edin bu bir ildə 16348 şəxslə görüşülüb. 10781 şəxsin 15644 müraciəti icra olunub. Təsəvvür edirsinizmi? Demək, aya 1200-ə yaxın icra. Nədir, bunların bayramları, istirahət günləri, gecə-gündüzləri olmayıb?
Bütün bu işlər üçün isə əlli milyon manata yaxın vəsait xərclənib. Hara xərclənib? Şəhid ailələrinə, qazilərə, əsgərlərimizə. İstiqamətlər isə çox müxtəlifdir; məişət şəraitinin yaxşılaşdırılması, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı, müalicə və psixoloji dəstək xərclərinin, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması, düşərgələrin təşkili və digər layihələr. Heç kim kənarda qalmır, hamıya diqqət və qayğı göstərilir.
Qeyd edim ki, digər layihələrinsə istiqaməti on ikini ötür.
Diqqətimi ən çox çəkən istiqamətlərdən biri də "Onlar bizə əmanət" layihəsidir. Belə ki, 27 sentyabr 2020-ci il tarixdən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı bu layihə çərçivəsində yeni doğulmuş Şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədilə 1000 manat məbləğində yardım edilib və Şəhid övladlarının adına 5000 manat depozit hesabı açılıb.
Bəli, onlar bizə, dövlətə, vətənə, yaşayanlara əmanətdirlər. Dövlətin ən vacib xüsusiyyətlərindən biri də budur. Onlar bu gün bizə əmanətdirlər, sabah isə dövlət onlara əmanətdir. Bu qarışıq yanaşma, hiss yüz illər davam etməlidir. Belə addımlar dövlətin bel sütunu sayılır. Hansı texnikaya sahib olmamızdan asılı olmayaraq insan amili birinci planda durmalıdır. Təsəvvür edin ki, bu cocuqlar böyüyür, dövlətin ən önəmli parçalarına çevrilirlər. Elə bilirsiniz onlar bu "əmanət" məsələsini unudacaqlar? Əsla yox! Ediblər, edəcəyik prinsipini hələ heç kim ləğv, yaxud qadağa etməyib. Düşünürəm "Onlar bizə əmanət" layihəsi gələcəkdə daha da geniş vüsət alacaq və bu, bütün cocuqlarımıza şamil ediləcək.
Sonda məhşur kəlamı xatırlamaq yerinə düşərdi: Atma-atılarsan, satma-satılarsan, unutma-unudularsan!