Biz indi gələcək haqqında danışırıq, oyun bitdi. Cənubi Qafqaz regionunda yeni reallıq yaranıb. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etmək, habelə məcburi köçkün və qaçqınların hüquqlarını müdafiə etmək kimi suveren hüququnu təmin edib.
Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Laçında COP29-la əlaqədar təqdimat mərasimində çıxışı zamanı deyib.
O xatırladıb ki, Azərbaycanın xarici işlər nazirinin sözçüsü olduğu əvvəlki həyatında Azərbaycanın Laçın rayonunun işğalının 26-cı ildönümündə Xarici İşlər Nazirliyi tərəfindən bəyanat verilib.
"Həmin bəyanatda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, azərbaycanlı məcburi köçkünlərin, o cümlədən Laçın rayonundan olan məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüquqlarının təmin edilməsi və münaqişənin ağır nəticələrinin aradan qaldırılması əsas məqsəd kimi qeyd edilirdi.
Azərbaycan münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərin intensivləşdirilməsini dəstəkləməklə yanaşı, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini bərpa etmək, vətəndaşların pozulmuş hüquqlarını müdafiə etmək prinsiplərini müdafiə edirdi. İndi biz gələcək haqqında danışırıq, oyun bitdi.
Cənubi Qafqaz regionunda yeni reallıq yaranıb. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etmək, habelə məcburi köçkün və qaçqınların hüquqlarını müdafiə etmək kimi suveren hüququnu təmin edib. Ancaq bu dağıntıları görəndə bizdə kədər hissi oyadır", - H.Hacıyev qeyd edib.