Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “İpək Yolu dürdanəsi” XIV Daşkənd kinofestivalı çərçivəsində Daşkənd və Buxara şəhərlərində keçiriləcək “Azərbaycan kinosu günləri”nin açılışı olub.
“Diaspornews.az” xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşəbbüsü və dəstəyi ilə keçirilən tədbirdə iştirakçılar əvvəl ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə və şəhidlər bağına əklil və çiçək dəstələri düzüblər.
Qeyd edək ki, “Azərbaycan kinosu günləri”nin açılışı qardaş ölkədə böyük maraqla qarşılanıb, tədbirdə Özbəkistanın mədəniyyət, incəsənət ictimaiyyəti, yerli azərbaycanlılar, çoxsaylı təhsil müəssisələrinin müəllim və tələbələri, mətbuat nümayəndələri iştirak ediblər.
İlk öncə Ermənistanın son günlər Azərbaycanla sərhəddə təxribatı nəticəsində həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əməkdaşlığın durmadan inkişaf etdiyini, dövlət başçımız Prezident İlham Əliyevin Özbəkistana səfəri, keçirilən görüşlər, imzalanan müqavilələr ölkələrimiz arasında əməkdaşlıqda yeni imkanlar açdığını qeyd edib.
O, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrdən danışaraq, həm ötən il, həm də bu il Özbəkistanda keçirilən beynəlxalq kinofestivalda Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizin geniş təmsil olunduğunu, Azərbaycan kinolarına Özbəkistanda böyük maraq və sevgi ilə qarşılandığını söyləyib.
Diplomat 30 ilə yaxın işğal altında qalan Vətən torpaqlarının 2020-ci ildə Azərbaycan ordusunun, Ali Baş komandanımızın müdrik siyasəti nəticəsində azad olunduğunu və buğun kinomuzun azad Qarabağımızdan, Şərqi Zəngəzurumuzdan filmlər yaratmasını qürurverici olduğunu qeyd edib.
“Ozbəkkino Milli Agentliyi”nin rəsmisi, “Gənclik” kinostudiyasının rəhbəri Adxam Nurkulov ölkədə son vaxtlar kinematoqrafçılara yaradılan şərait haqqında məlumat verib, Özbəkistanda keçirilən kinofestival, Azərbaycan kinematoqrafçıları ilə əməkdaşlıqdan danışıb. O beynəlxalq kinofestivalda dünyanın 35 ölkəsindən gələn 300-dən artıq kinematoqrafçı, rejissor, tanınmış artist, kino sahəsinin mütəxəssislərinin iştirak etdiyini qeyd edib.
Tədbirdə çıxış edən xalq artistimiz Gülyanaq Məmmədova Özbəkistanın Xalq artisti adına layiq görüldüyü üçün özbək xalqına və dövlət başçısı Şavkat Mirziyoyevə minnətdarlıq edib, Festivalın işinə uğurlar arzulayıb.
Daha sonra filmlərin nümayişinə başlanılıb. Kinorejissorlar Ayaz Salayevin “Torpaq” və İlqar Nəcəfin “Suğra və onun oğulları” filmləri nümayiş etdirilib. Hər iki rejissor yaradılan filmlər haqqında danışaraq, filmlərə dair öz fikirlərini bölüşüblər.
Azərbaycan Mədəniyyət Nazirliyinin layihəsi ilə hazırlanmış “Torpaq” filmində azərbaycanlıların öz ata-baba yurdlarından qovulması, deportasiyası, onların acı xatirələri, tarixi faktlar öz əksini tapır. Digər “Suğra və onun oğulları” filmi də nümayiş olunub. İkinci dünya müharibəsi dövrünün bütün keşməkeşlərini özündə cəmləşdirən filmdə sevgi və nifrətlə dolu həyat öz əksini tapıb. Hər iki film festival iştirakçılarının böyük marağına səbəb olmuş və rejissorlar tədbir iştirakçılarının alqışlarına layiq görülmüşlər.
Qeyd edək ki, Beynəlxalq Kino Festivalın davamı olaraq 17 sentyabr tarixində filmlərimiz Buxara şəhərində nümayiş olunacaqdır.