Pakistan və Azərbaycan arasındakı əlaqələr dostluq, qarşılıqlı hörmət və ortaq strateji maraqlar əsasında qurulub. Tarixi, mədəni və iqtisadi bağlılıqlara dayanan bu münasibətlər illər ərzində daha da möhkəmlənib və müxtəlif sahələri əhatə edən əməkdaşlıqla genişlənib. Azərbaycan-Pakistan əlaqələri ortaq mənəvi dəyərlərə və şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qardaş ölkənin liderləri ilə birgə möhkəm təməllər üzərində qurduqları dostluq, qardaşlıq münasibətlərinə söykənir.
İki ölkə arasında siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə əməkdaşlıqlar yüksələn bir xətlə inkişaf edir. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin cari ilin fevralın 24-də Azərbaycan Respublikasına dövlət səfəri əlaqələrin davamlığına əsaslanır.
Qeyd edək ki, Pakistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə səmimi və əməli dəstəyini nümayiş etdirərək bu münasibətlərin qardaşlığa çevrilməsinə böyük töhfələr verib. Belə ki, Ermənistanın işğalçı siyasətini pisləyərək keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib. Bundan başqa, Pakistan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinə qarşı törətdiyi soyqırımını kəskin şəkildə pisləyən və beynəlxalq ictimaiyyəti Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur etməyə çağıran qətnamə qəbul edən ilk ölkə olub.
Ölkə Prezidenti cənab İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü çərçivəsində mətbuata bəyanatla çıxış edərək qeyd etmişdir: “Bu gün ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyini bir daha qeyd etdik, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyətini bir daha vurğuladıq. İki qardaş ölkə olaraq beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik”.
Ümumiyyətlə, hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər. İki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər. Eyni zamanda, Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirilir. Belə ki, Fond “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Pakistanda bir neçə məktəbin yenidən qurulmasına dəstək nümayiş etdirib. Bu baxımdan, Pakistanda qızlar üçün yeni məktəbin tikintisi, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar da xeyriyyəçilik tədbirləri sırasında yer alır.
Göründüyü kimi, iki ölkə liderlərinin səyləri sayəsində Azərbaycan-Pakistan münasibətləri öz inkişafının ən yaxşı dövrünü yaşayır. Azərbaycanın Vətən Müharibəsində qələbəsindən və antiterror tədbirləri nəticəsində suverenliyinin tam bərpasından sonra Cənubi Qafqazda yaranmış reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi üçün yeni, sabit və uzunmüddətli perspektivlər vəd edir. Qardaş ölkənin baş nazirinin Azərbaycana dövlət səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərə yeni məzmun və keyfiyyət qazandırmaqla yanaşı, qarşılıqlı faydalı əməkdaşlığın da genişlənməsinə və dərinləşməsinə töhfə verəcəkdir.
Dosent Asif AXUNDOV,
ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru