Paris ikili standartlardan əl çəkməlidir...

“ATƏT-in Minsk qrupuna 20 Ildən artıq həmsədrlik etmiş, BMT Təhlükəsizlik Şurasının (TŞ) 5 daimi üzvündən biri, Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı birləşmələrinin qeyd-şərtsiz çıxarılması barədə BMT TŞ-nin 4 qətnaməsinə imza atmış Fransanın Ermənistan-Azərbaycan münaqişəsi zamanı və münaqişədən sonra tutduğu mövqe normal, beynəlxalq hüququn norma və prinsiplərə hörmətlə yanaşan ölkələrin mövqeyi ilə ziddiyyət təşkil edir”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Fransa Vətən Müharibəsi zamanı və sonrakı dövrdə Ermənistanın yanında olduğunu açıq şəkildə göstərdi: “Halbuki, bu mövqe həmsədrlik institutunun prinsiplərinə uyğun gəlmir. Makronun prezidenti olduğu Fransanın müxtəlif dövlət qurumları bu münaqişənin davamlı olması üçün bütün imkanlarından maksimum istifadə ediblər. Azərbaycana təzyiq göstərmək üçün 2020-ci ilin noyabrında Fransa Senatında “Dağlıq Qarabağın müstəqillyinin tanınması” barədə layihənin müzakirəsi buna əyani sübutdur. Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycanın Qarabağ ərazisində hələ də mövcud olan separatçı ünsürlərin noyabrın 15-19-da Fransaya səfəri və orada bu ölkənin rəsmiləri tərəfindən isti qarşılanmaları heç bir hüquqi çərçivəyə, dövlətlərarası münasibətlərə sığmır. Halbuki, bu, Fransanın özünün qanunlarına zidddir. Düşünürəm ki, separatşılara dəstək, onların varlığının bu və ya digər formada qorunması presedent olaraq Fransanın özünə qarşı yönələ bilər. Fransanın senatorları dövlətin birinci şəxsi olmasalar da ölkənin qanunverici hakimiyyəti statusunu daşıyırlar və hakimiyyətdə təmsil olunurlar. Əgər Qarabağdakı ünsürlərlə fransalı senatorların görüşünə şərait yaradılırsa, deməli ortada rəsmi Parisin konkret mövqeyi var. Buna görə də bütün məsuliyyət rəsmi Parisin üzərindədir”.

A.Hüseynov xüsusi olaraq vurğulayıb ki, Fransa separatçılarla təmasa keçməzdən əvvəl Yeni Kaledoniya, Korsikanın müstəqillik tələblərinə də oxşar reaksiya versin, onların səsini boğmaq əvəzinə Qarabağdakı ünsürlərə etdiyi “nəvazişləri” onlara da göstərsin. Yeni Kaledoniya və Korsikanın müstəqillik tələblərini qulaqardına vuran Yelisey Sarayı digər ölkənin ərazisindəki separatçı və terrorçiların qanunsuz dövlət qurmaq istəyinə niyə dəstək olur? Daim ikili standartlar mövqeyindən çıxış etməsi səbəbindən Fransanın həmsədrliyi də daim fiaskoya uğrayıb. Həmsədrlik etmək istəyən dövlət ona göstərilən etimadı doğrultmaq, öz adına ləkə gətirməmək üçün bitərəf mövqeyini qorumağı bacarmalıdır. Təəssüf ki, Afrikada törətdiyi soyqırımılara görə cəzasız qalan Fransa qondarma “erməni soyqırımı”nı tanımaqla növbəti ədalətsizliyə imza atır, Qarabağda ermənilərin törətdiyi vandalizm aktlarına, vəhşiliklərə göz yummaqla erməni terrorçuları ilə eyni mövqedə olduqlarını sübuta yetirir”.