Parlament və Atatürk prospektlərində aparılan təmir işləri nə yerdədir? - VİDEO

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün paytaxtın Parlament prospekti (Mehdi Hüseyn küçəsindən Mikayıl Müşfiq küçəsinədək) və  Atatürk prospektində (Səttar Bəhlulzadə küçəsindən Fətəli xan Xoyski küçəsinədək) aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sabahinfo.az-a verilən məlumata görə, təmir işləri çərçivəsində hər iki prospektdə köhnə asfalt-beton örtüyünün frezlənməsi, yolun profilə salınması, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. 

Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunur. 

“İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunan təmir işlərinin son mərhələsində sözügedən ərazilər üfüqi nişanlanma xətləri ilə təmin olunacaq.