Parlamentin payız sessiyasının ilk komitə iclası keçirildi

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, iclasın əvvəlində son günlərdə Ermənistan tərəfinin sərhəddə törətdiyi təxribatın qarşısı alınarkən şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Komitə sədri Bəxtiyar Əliyev bu hadisələrlə bağlı fikirlərini bölüşüb.

İclasda komitə sədri qeyd edib ki, bu gün, həmçinin Bakının erməni-bolşevik işğalından azad olunması günüdür.

Bəxtiyar Əliyev bu gün, həm də növbəti dərs ilinin başlandığını deyərək, Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kənd orta məktəbində ilk dəfə dərslərin keçiriləcəyini söyləyib.

Sonra iclasın gündəliyinə daxil olan üç məsələyə baxılıb. Komitə sədri, əvvəlcə, Elm və təhsil komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planı barədə məlumat verib. Qeyd edilib ki, növbəti sessiya ərzində “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması, komitəyə daxil olan sənədlərin, müraciətlərin müzakirəsi və ekspertizası, digər komitələrlə birgə Milli Məclisə çıxarılacaq sənədlərin müzakirəsi nəzərdə tutulub.

İclasda çıxış edən komitənin sədr müavini Musa Qasımlı, üzvləri İsa Həbibbəyli, Etibar Əliyev, Ceyhun Məmmədov, Tamam Cəfərova, Kamilə Əliyeva, Müşfiq Məmmədli, Rafael Hüseynov, Pərvin Kərimzadə, Fatma Yıldırım komitənin cari ilin payız sessiyası üçün iş planı, yaz və növbədənkənar sessiyalarda görülən işlər, habelə təhsil sahəsində bir sıra aktual məsələlər barədə öz fikirlərini açıqlayıblar.

Müzakirələrin sonunda Elm və təhsil komitəsinin 2022-ci il üçün iş planı təsdiqlənib, yaz və növbədənkənar sessiyaları ərzində görülmüş işlər qənaətbəxş hesab olunub.
Daha sonra iclasda “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb.

Bildirilib ki, sənəd Azərbaycan Prezidentinin 2020-ci il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə uyğun olaraq hazırlanıb.

Qanunun Sertifikat xidmətləri Mərkəzinin qeydiyyata alınması və akkreditə edilməsi ilə bağlı 9-cu maddəsinə təklif edilən əlavəyə görə, Mərkəzin qeydiyyata alınması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçı şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçı şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya iddiaçı şəxs tərəfindən təmin edilir.

Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.