Parlaq gələcəyə doğru birgə addımlarla

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Azər Badamovun Qusar rayonu, Quxuroba və Şirvanlı kəndlərində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Yeni Azərbaycan Partiyasının yaranmasından, partiyanın fəaliyyəti dövründə əldə edilən uğurlardan və gələcəkdə atılacaq addımlardan danışıb. YAP-ın xalqın sevgisini və dəstəyini qazandığı, ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirdiyi diqqətə çatdırılıb.

Çıxış edən deputatlığa namizəd Azər Badamov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb: “Bu gün uğurla davam etdirilən genişmiqyaslı islahatlar iqtisadiyyatın inkişafına, əhalinin sosial rifahının yaxşılaşmasına, xalqımızın milli mədəni irsinin və mənəvi dəyərlərinin qorunmasına və ümumilikdə Azərbaycanın yüksəlişinə xidmət edir. Hazırda Azərbaycan dünyada islahatçı ölkə kimi tanınır”.

Azər Badamov seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə və parlaq gələcəyə doğru birgə addımlamağa səsləyib.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Pərvin Eldarov, Əmirçoban Teyyubov, Pərvin Şahbazova, Fikrət Abdulov, Füzuli Ömərov və digərləri çıxış edərək seçiciləri zəfərlərin davamı naminə Yeni Azərbaycan Partiyasına növbəti dəfə etimad göstərməyə çağırıb.