Sərhəd Vətənin hüdudlarıdır. Hüdudları qorumaq Vətəni qorumaqdır...
Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunduqdan sonra bütün vacib strukturlar yaradıldı, dövlət rəmzləri bərpa edildi, müxtəlif dövlətçilik təsisatları fəaliyyətə başladı. Dünya dölətlərinin çox böyük əksəriyyətinin tanıdığı Azərbaycan Respublikası inkişaf yoluna qədəm qoydu.
Ermənistanın ərazi iddiası ilə başlayan ədalətsiz (işğalçılıq) müharibəsi də yeraltı, yerüstü sərvətlərlə zəngin olan bu qüdrətli dövlətin inkişafını ləngidə bilməzdi, ləngidə bilmədi də.
Ermənistan sülh danışıqlarından yayınır, regionda mövcud status-kvonu saxlamaq istəyirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətlə bildirmişdi ki, Azərbaycan dövləti, Azərbaycan xalqı Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Bu qətiyyət işğalçıya xəbərdarlıq idi...
Azərbaycanda müharibə şəraitində də vacib dövlətçilik strukturları yaranırdı. Xalqımızın ümummilli lideri Heydər Əlliyev2000-ci il avqustun 16-da “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən 18 avqust hər il sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur. Bu sərəncam Azərbaycanda sərhədçi peşəsinə verilən əhəmiyyətin təzahürü kimi dövlət sərhədlərinin daha məsuliyyətlə, Vətənə daha böyük sədaqətlə qorunmasının zəmanəti oldu.
Ulu Öndər Heydər Əliyevin sərhəd qoşunlarının formalaşdırılması baxımından imzaldığı qərarlar sübut etdi ki, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadirdir. 2002-ci il iyulun 31-də Ulu Öndər Heydər Əliyevin sərhəd qoşunlarının Milli Təhlükəsizlik Nazirliyinin tərkibindən çıxarılması və onun bazasında dövlət Sərhəd Xidmətinin yaradılması barədə imzaladığı fərman sərhədçilərimizin fəaliyyətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına və dövlət sərhədlərimizin mühafizə sisteminin daha da gücləndirilməsi istiqamətində əhəmiyyətli oldu.
Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi ilk vaxtlardan Ulu Öndər Heydər Əliyevin milli sərhəd siyasətini uğurla davam etdirərək Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələrində və zastavalarında müasir şəratin yaradılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, Sərhəd Qoşunlarının inkişaf etdirilib möhkəmləndirilməsi üçün mühüm qərarlar qəbul etmişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması barədə 2007-ci il 12 iyun tarixli sərəncamı da diğər sərəncamları və qərarları kimi sərhəd xidməti sisteminin təkmilləşdirilməsində mühüm rol oynadı. 2009-cu ildə cənab Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti Akademiyasının açılışındakı çıxışında qeyd etdi ki, ”Lazım gələn anda bütün hərbi qurumlar bir yumruq kimi hərəkət edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək“.
İkinci Qarabağ müahribəsində sərhədçilər də qətiyyətlə, cəsarətlə döyüşdü. Onlar neçə-neçə yaşayış məntəqəsini düşməndən azad etdi. Xocavəndin işğaldan azad edilməsi ilə çox qədim mədəniyyət abidəsi – dünyada ən qədim insan məskənlərindən biri olan Azıx mağarası da azad edildi.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə ermənilərin Azıx mağarasında törətdiyi vəhşiliklər haqqında dedi: “Ermənilər Azıx mağarasını da erməniləşdirmək istəmişdilər. Bunların cəfəngiyyatının dərəcəsinə baxın, onlar bəyan edirdilər ki, Azıx mağarasında ermənilər yaşayıblar...”.
Cəbrayıl rayonunda yerləşən neçə yüzilliklərin nişanəsi olanXudafərin körpüsünü də, ətraf əraziləri də sərhədçilər böyük peşəkarlıqla azad etdi...
18 avqust Sərhəd Qoşunlarının peşə bayramı günüdür.
Sərhəd Qoşunlarının şəxsi heyəti dövlət sərhədlərimizi dövlətə, dövlətçiliyə böyük sədaqətlə qoruyur. Bizim hər birimizin vətəndaşlıq borcumuz məhz Sərhəd Qoşunları əməkdaşlarının xidmətinin davamıdır – biz də Vətəni qoruyuruq, Vətənə sevgimizlə, vətəndaşlığımızla, Vətəni qoruyanlara sevgimizlə.
Peşə bayramınız mübarək, əziz sərhədçilər, siz Vətənin hüdudlarını qorumaqla Vətəni qoruyursunuz!
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı