Peşəkar tankçı şəhid Valeh Məmiyev

Tank Bölük Komandiri Baş Leytenant Valeh Məmiyev İsbat oğlunun şərəfli həyatı haqqında...

Valeh Məmiyev İsbat oğlu 27 mart 1994-cü ildə Yardımlı rayonunun Kürəkçi kəndində anadan olmuşdur. O hələ uşaqlıqdan hərbçi olacam deyirdi, ürəyi həmişə vətən sevgisi ilə döyünürdü, və 6-7 yaşları olanda hərbi forma geyinər, “mən komandir olacam” deyərdi. Torpağlarımız işğaldadır, biz burda rahat oturmamalıyıq, əlimizdən gələn hər şeyi etməliyik deyirdi.

Elə bu vətənpərvərlik hissi onun 2011-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olumasına gətirib çıxardı. 4 il həmin ali məktəbdə və daha sonra Silahlı Qüvvələrin TTM-də təhsilini davam etdirən Valeh 2015-ci ilin dekabr ayında ali zabit - leytenant rütbəsini alaraq tank tağım komandiri kimi vətənə xidmətə başladı. Çox qısa bir müddət ərzində özünü vətəninə bağlı zabit kimi göstərmiş və 2018-ci ilin avqust ayında həmin hərbi hissədə tank bölük komandiri vəzifəsinə yüksələ bilmişdi.

Nümunəviliyi, döyüş taktikası, şəxsi heyətlə iş qabiliyyəti və digər keyfiyyətlərinə görə dəfələrlə fəxri fərmanlar əldə etmiş və təltif olunmuşdu. Bunlara "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı və hərbi hissə və MN nazirliyi tərəfindən verilən bir neçə fəxri fərmanları, təltifnamələri aid etmək olar.

Bütün təlimlərə aparıcı zabit kimi qoşulmuş, şəxsi heyətin döyüş taktikasına yiyələnməsində çöx böyük əməyi olmuşdur. 2020-ci il türk-azərbaycan təlimlərində isə çox böyük qəhrəmanlıqla iştirak etmiş və təsadufi deyil ki, təlimlərin sonunda Türkiyənin Müdafiə Naziri Hulusi Akar tərəfindən şəxsən xüsusi fərqlənmə ilə təltif edilmiş və hədiyyələr almışdır.

2020 Vətən müharibəsində Valeh Məmiyev bölük komandiri idi, öz tankı ilə özü ön tərəfdə, qorxmadan, və öz komandasını arxasınca böyük həvəs və şücaətlə apararaq dəfələrlə döyüşlərə girmiş, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan istiqamətində 15 gündən artıq bir müddətdə öz bölüyü ilə fasilsəiz olaraq döyüşmüşdür. Rayon və kəndlərimizin işğaldan azad olummasında qəhrəmancasına iştirak etmişdir.

Bütün döyüşlərdə ən öndə gedən və döyüşə başçılıq edən tankda bir yerdə oturan ən doğma döyüş yoldaşı, dostunun dedikəri bu idi: Valeh qorxmaz oğul idi, heçnədən çəkinmədən, ölümün gözünə dik baxaraq, sadəcə düşməni məhv edəcəyini düşünərək giridi döyüşlərə, komandaya motivasiya və böyük həvəs verə bilirdi. Birgə olduğumuz döyüşlərin birində əks hücuma keçən düşmənin 3 ədəd tank, digər hərbi texnikalarını və 35-dən çox hərbi qulluqçusunu şəxsən özü məhv etmişdi. Cəbrayıla əks hücuma keçən mənfur düşmənin qarşısının alınması və Cəbrayılın saxlanmasında çox böyük rolu olmuşdur. Sonuncu döyüşdə isə həmin döyüş yoldaşı onunla eyni tankda deyildi və bunu özünə heç cür bağışlaya bilmir.

Müdafiə Nazirliyinin paylaşdığı bir rəsmi videoda igid, qorxmaz komandir bash leytenant Valeh Mamiyevin öz bölüyü ilə ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçirilməsi əks olunmuşdur. Valeh həmin döyüşdə ümumi tanklarin komandirliyini aparmış və videodan da göründüyü kimi Azərbaycan Ordusunun zirehli texnikası və əsgərlərinin erməni xüsusi təyinatlılarını qovaraq onlara ağır zərbələr endirmişdir.

Cəsur Komandir Valeh Məmiyevin son döyüşü 19 Oktyabr 2020-ci il tarixində Qubadlı-Laçın istiqamətində şəhid Milli Qəhrəman Şükür Həmidovun komandanlıq etdiyi döyüş idi və bu döyüşdə o qəhrəmancasına döyüşərək yaralanmış və 23 oktyabr 2020-ci il tarixində şəhid olmuşdur.

Bütün hərbçi yoldaşları çox ciddi sarsılmış və daha biz o bölükdə, o taborda özümüzü Valehsiz görmək çox ağrılıdır deyirlər və onun layiq olduğu adı almağı arzulayırlar. Onun bir komandir yox, bir böyük qardaş kimi olduğunu, daima gülərüz, mehriban, şəxsi heyət üçün əlindən gələn hər bir şeyi edən bir zabit olduğunu vurğulayırlar.

Baş Leytenant Məmiyev Valeh özünü vətən yolunda həqiqi mənada qurban vermiş oldu. Bunu komandirlərinin qeyd etdiyi kimi, o döyüşlərinin ilk günlərindən daima təkid edərək məhz onu döyüşə göndərməyini, artıq təcrübəsini, vətənpərvərliyini göstərməyin vaxtı çatdığını demişdi. Və məhz buna görə də taborundan öz komandası ilə ilk döyüşə gedən o idi. Valeh sözün həqiqi mənasında, atasının, anasının, vətəninin, xalqının qəhrəmanı, nümunəvi oğlu idi. Bizim hər birimizin fəxri və daima övladlarımıza və gələcək nəsillərə göstərəcək örnəyimizdir. O həmişə qəlblərimizdə yaşayacaq.

Ordeni:

"Azərbaycan bayrağı ordeni"

 

Medalları:

"Cəbrayılın azad olunmasına görə"

 

"Qubadlının azad olunmasına görə"

 

"Vətən uğrunda"

 

"Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı