Prezident İlham Əliyev enerji sahəsində nümunəvi dövlət siyasəti həyata keçirir

Son vaxtlar hər fürsətdə vurğuladığımız kimi, enerji təhlükəsizliyinin təmin edilməsinin bu gün bütün dünya ölkələri üçün prioritet təşkil edən məsələlərdən biri olması müasir dünyamızın ən mühüm reallığıdır. Odur ki, istənilən ölkədə yeni enerji obyektinin açılması, enerjinin istehsalı, ixracı və nəqli sahəsində layihələrin həyata keçirilməsi həmin ölkənin gücünün, enerji potensialının, eləcə də iqtisadi potensialının göstəricisidir. Bu baxımdan əminliklə deyə bilərik ki, ölkəmiz Prezident İlham Əliyevin əzmkar əməyi, onun dünya dövlətləri, beynəlxalq təşkilatlar, dünyanın nüfuzlu enerji şirkətləri, maliyyə qurumları ilə yaratdığı qarşılıqlı-faydalı, iqtisadi-işgüzar əlaqələr sahəsində son dövrlərin ən uğurlu enerji siyasətini həyata keçirən dövlətlərindən biridir.

Fevral ayının 13-də Gülüstan sarayında İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində cənab İlham Əliyevin müstəqillik dövrümüzün ən böyük- 1280 MVt gücündə İstilik Elektrik Stansiyasının 2025-ci ildə Mingəçevir şəhərində açılacağını elan etməsi enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində Azərbaycanın “regionun lideri” və “etibarlı tərəfdaş” statuslarını bir qədər də möhkəmləndirdi. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyasının bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödədiyini nəzərə alsaq, bu şəhərin hazırda elektroenergetika sahəsində respublikamızda aparıcı rol oynadığını deyə bilərik. Azərbaycanın istənilən sahədə parlaq inkişafının və qüdrətinin təməlində Ulu Öndər Heydər Əliyevin imzası olduğu kimi Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən də Ulu Öndər olmuşdur. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuş və Böyük stansiyanın birinci bloku 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılmışdır. Ulu Öndərin Azərbaycan üçün gördüyü bütün xidmətləri ən dəyərli miras kimi təhvil alan və onları daha da inkişaf etdirməyi özünə borc bilən cənab Prezident İlham Əliyev isə 2018-ci ildə Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması işlərinə başlamış, 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. 2020-ci ildə stansiya yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur. Bərpa- yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edilmişdir.

Vətən Müharibəsi zamanı beynəlxalq hüquqa zidd olan terror və təxribatlara əl atmağı özünə vərdiş etmiş Ermənistanın hədəf aldığı qeyri-hərbi obyektlərdən biri də məhz Mingəçevir Elektrik Stansiyası idi. Şübhəsiz ki, Stansiyanın gücü və əzəməti düşməni bu teror aktına əl atmağa vadar etmişdir. Lakin düşmən raketlərinin heç biri hədəfə dəyməmiş və onların çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edilmişdir.

Mingəçevirdə növbəti Elektrik Stansiyasının tikintisi Azərbaycan, eləcə də bütünlükdə region üçün elektroenergetika sahəsində yeni inkişaf mərhələsinin başlanğıcı olmaqla yanaşı, həm də başqa sahələrə də müsbət təsirini göstərəcək. Ən əsası belə bir nəhəng obyektin tikintisi və açılması, əlbəttə, yüzlərlə yeni iş yeri deməkdir. Digər tərəfdən, yeni tikiləcək stansiya ən müasir standartlara uyğun inşa ediləcəyi üçün ətraf mühitin qorunmasına da töhfə verəcək. Stansiyanın fəaliyyətə başlması isə şübhəsiz ki, Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edəcək. Energetika sahəsi üzrə mütəxəssislər həmfikirdirlər ki, stansiya işə başladıqdan sonra ən qısa vaxt ərzində onun tikintisinə sərf olunmuş investisiyalar qaytarılacaq və stansiyanın fəaliyyəti ölkə iqtisadiyyatı üçün mühüm gəlir mənbələrindən birinə çevriləcək. Çünki Azərbaycanda cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən bütün işlər məqsədyönlü, nəticəyə yönəlmiş, planlı həyata keçirilir. Təsadüfü deyil ki, yeni Elektrik Stansiyasının tikintisindən bir müddət öncə Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün mühüm sənəd imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel elektrik enerjisini Avropaya nəql etməyə imkan verəcək ki, bu layihə energetika sahəsində dünya dövlətləri ilə əməkdaşlıq üçün bizə yeni imkanlar yaradır.

Elektrik Stansiyasının tikintisinə başlamadan öncə elektrik enerjisinin nəqli imknlarını genişləndirən sazişin imzalanması cənab Prezidentin timsalında enerji sahəsində dövlət siyasətinin həyata keçirilməsinin ən mükəmməl və nümunəvi örnəyidir. Bütün bunlar göstərir ki, Azərbaycanın energetika sahəsində qazandığı uğurlar təsadüfü deyil, əksinə Azərbaycan əsl enerji ölkəsinə çevrilmişdir. Enerji istehsal edən obyektlərin tikintisi, enerjinin istehsalı, ixracı, nəqli, bu sahədə əməkdaşlıq üçün dünya dövlətləri ilə qarşılıqlı işgüzar əlaqələrin qurulması, bir sözlə enerji sahəsində bütün işlər kompleks şəkildə həyata keçirilir. Avropa Komissiyası ilə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun, BƏƏ-nin “Masdar” Şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşmanın imzalanmasını, Cənub Qaz Dəhlizinin mühüm hissələri olan həm TAP, həm TANAP qaz kəmərlərinin həcminin də iki dəfə genişləndirilməsi məsələsinin müzakirə olunmasını, Cənub Qaz Dəhlizinin şaxələndirilməsi nəticəsində baş tutmuş Yunanıstanla Bolqarıstan arasında Qaz İnterkonnektorun açılmasını və ölkəmizin həyatında enerji sahəsində baş tutmuş digər mühüm hadisələri xatırlasaq Azərbaycanın energetika sahəsində qazandığı uğurların təsadüfü olmadığı fikrini bir daha təsdiq etmiş olarıq.

Stansiyanın tikintisində İtaliya və Çin şirkətləri iştirak edəcək. Hər iki ölkə ilə Azərbaycanın siyasi, iqtisadi-işgüzar əlaqələri yüksək səviyyədədir. Hər iki ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyır, xüsusən İtaliya hər zaman ölkəmizin haqq mübarizəsinə dəstək olan Avropa dövlətlərindən biri olub. İtaliya ilə Azərbaycan təkcə enerji sahəsində yox, ticarət, mədəniyyət, təhsil, tikinti və bir çox sahələrdə əməkdaşlıq edirlər. İşğaldan azad edilmiş torpaqlarımızda da İtaliya şirkətləri bərpa-yenidənqurma işlərində çox fəal iştirak edirlər.

Yeni enerji layihələrinin dost və müttəfiq dövlətlərlə birlikdə icrası bizi qlobal dünyaya daha çox inteqrasiya edir və gələcəkdə daha perspektivli layihələrin planlaşdırılması üçün zəmin yaradır.

 

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik

və korrupsiya ilə mübarizə Komitəsinin

sədri Ziyafət Əsgərov