Prezident İlham Əliyevin Söyüdlüdə baş verənlər barədə çıxışı hadisələri doğuran səbəblər barədə aydın təsəvvür yaratdı

Prezident İlham Əliyev bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə olduqca aktual məsələlərə toxundu. Ali Baş Komandan İlham Əliyev iclasda ölkə həyatının bütün istiqamətləri, fəaliyyət sahələrinin mövcud vəziyyəti ilə bağlı fikirlərini bildirdi. Dövlətimizin başçısı qarşıda duran vəzifələri dəqiqliklə ifadə etməklə, respublikamızın daxili və xarici siyasətdə, iqtisadi-ticari münasibətlərdə yeni çağırışlara necə hazırlandığını aydın şəkildə göstərdi.

Xüsusilə də, ölkə Prezidentinin Gədəbəyin Söyüdlü kəndində baş vermiş xoşagəlməz olay barədə çıxışı məlum hadisələri doğuran səbəblər barədə bizdə kifayət qədər aydın təsəvvürlər yaratmış oldu. Eyni zamanda, bəlli oldu ki, Söyüdlüdə baş verənlər ilk gündən ölkə rəhbərinin diqqəti və nəzarəti altında olub. Söyüdlü kəndindəki narazılığın artmasının başlıca səbəbi kimi, qızıl yatağını istismar edən xarici şirkətin qanunlarımıza hörmətsiz yanaşması və aidiyyəti qurumların buna göz yummasının göstərilməsi, eyni zamanda, kənd sakinlərinin bu məsələdə haqlı olması qənaətinə gəlinməsi hadisələrə verilmiş ən obyektiv qiymət oldu.

Həmçinin bəlli oldu ki, vətəndaşların da bir hissəsi təxribatçıların fitnəsinə uyaraq qanunsuz hərəkətlər ediblər. Prosesi qızışdıran təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir. Onların bir neçəsi artıq məsuliyyətə cəlb olunub. Kimlərsə ölkədə 1993-cü ildə olduğu kimi, xaos, özbaşınalıq yaratmaq istəyirsə, bu baş verməyəcək.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.

“Dövlətimizin başçısı müşavirədə Gədəbəy sakinlərinin maraqlarını müdafiə edərək xarici şirkətlərə Azərbaycan qanunlarına hörmət etməli olduqlarını xatırlatdı. Əks təqdirdə onların fəaliyyəti burada mümkün olmayacaq. Doğrudan da, Qərb ölkələrində ekologiyanı korlayan şirkətlərə qarşı çox sərt tədbirlər görülür. Xarici şirkətlərin Azərbaycanda ekologiyanı kobud şəkildə çirkləndirməsi haqlı olaraq müvafiq nazirliyin fəaliyyətinin qeyri-qənaətbəxş olması təəssüratını yaradır”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, müşavirədə diqqət çəkən məqamlardan biri də, dövlətimizin başçısının Söyüdlü kəndində baş verən xoşagəlməz hadisədə özünü ləyaqətli aparan yeganə orqan kimi polisin adını çəkməsi oldu. Prezident İlham Əliyev hər zaman Daxili İşlər Nazirliyinin fəaliyyətinə yüksək qiymət verib. Birinci və İkinci Qarabağ müharibələrində şərəflə iştirak edən polislərimiz, Daxili Qoşunların əməkdaşları mərdliklə vuruşublar, şəhid olublar, yaralanıblar. Polislərimiz pandemiya dövründə öz sağlamlıqlarını təhlükə altına ataraq gecə-gündüz ölkədə sabitliyi, karantin qaydalarını qoruyublar. Azərbaycan polisinin sayəsində ölkəmizdə ictimai asayiş qorunur, sabitlik hökm sürür. Bu gün Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir.

Azərbaycan xalqı hər zaman polisə yüksək dəyər verib. Təsadüfi deyil ki, bu gün yeniyetmələrimiz, gənclərimiz böyük həvəslə polis sistemində işə düzəlmək istəyirlər. Cəmiyyətdə polis özünü ləyaqətli aparmasa, heç kəs onun yolunun davamçısı olmaq istəməz.

“Ümumilikdə Prezident İlham Əliyevin cari ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər həm ötən dövrdə verilmiş qiymət kimi, həm də perspektiv planların mahiyyəti barədə məlumatlı olmaq baxımından əhəmiyyətli idi”, - deyə İltizam Yusifov vurğulayıb.