Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi əzmkarlığı və qətiyyəti sayəsində zəfərlə başa çatmış Vətən müharibəsindən sonra ölkəmizdə və eyni zamanda regionumuzda yeni siyasi reallıqlar yaranmışdır. Azərbaycanın liderliyinin ön planda dayandığı bu reallıqlar xalqımızın tarixi arzularının həyata keçməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpa olunması kimi vacib amillərlə şərtlənir.
Sabahinfo.az xəbər verir ki, bunu bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin prezident seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə Media İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, yeni mərhələ cəmiyyət həyatının bütün sahələrini əhatə etməklə ölkəmizdə dərinləşmiş islahatların davamlılığını, həyatımızın müasir dövrün dinamik inkişafına uyğunlaşdırılmasını və beləliklə, ölkəmizin tərəqqisinin daimiliyini təmin edir: “Qalib Azərbaycan hər bir soydaşımızın qürur yeri olmaqla yanaşı ölkəmizin qabaqcıl mövqeyini, beynəlxalq müstəvidə öz layiqli yerini tutmasını istəməyən qüvvələrin də planlarını alt-üst etməkdədir. Milli maraqlarımıza xidmət edən müstəqil medianın inkişafının dövlətin əsas prioritetləri sırasında dəyərləndirən Prezident jurnalist əməyinə daim yüksək qiymət vermiş, Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq auditoriyaya çatdırılmasında medianın rolunu xüsusi qeyd etmişdir. 2022-ci ildə Milli Mətbuat Günündə Şuşada ilk dəfə keçirilən beynəlxalq media forumuna müraciətində Prezidentin jurnalistlər qarşısında qoyduğu mühüm vəzifələr aktuallığını qoruyub saxlamaqdadır”.