Sabah növbədənkənar prezident seçkiləri ilə əlaqədar namizədin qeydə alınması ilə bağlı zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatır.
Sabahinfo.az-ın məlumatına görə, Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2023-cü il dekabrın 19-dan 2024-cü il yanvarın 8-i saat 18.00-dək olan dövrü əhatə edir.
Qeyd edək ki, ötən dövr ərzində 17 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib. Prezidentliyə namizədliyi qeydə alınanların sayı isə hələlik 3-dür. MSK-nın 2023-cü il dekabrın 30-da keçirilən iclasında İlham Əliyevin, dünən keçirilən iclasında isə Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.
Xatırladaq ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.