Nardaran hadisələri ilə əlaqədar 32 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Sabahinfo.az-ın məlumatına görə, bunu AzTV-yə nüsahibəsində daxili işlər naziri Ramil Usubov deyib.
O, bildirib ki, dövlət və konstitusion quruluşu dəyişməyə yönələn cinayətkar aktların qarşısı dövlət qurumları tərəfindən alınmalıdır:
"Ona görə də ölkəmizin prezidenti, Ali Baş Komandan hüquq-mühafizə orqanları qarşısında tələb qoydu ki, bu cinayətkar, silahlı dəstənin zərərsizləşdirilməsi, onların Azərbaycan dövlətinin qanunlarına riayət etməsi haqqında ciddi tədbirlər görülsün. Bu tədbirlər görülməyə başlandı. İlk tədbir zamanı silahlı müqavimət oldu. Avtomat və qumbaralardan daxili işlər orqanlarının əməkdaşlarına silahlar işlədildi. Silahlı dəstənin zərərsizləşdiriməsi zamanı 2 əməkdaşımız şəhid oldu”.
Nazir qeyd edib ki, qəsəbədə keçirilən əməliyyatlar zamanı 5 nəfər məhv edilib: "Əməliyyatlar zamanı 6 avtomat, çoxlu sayda tapança və partlayıcı qurğu aşkar edirilib. Əməliyyatlar davam etdirilir".
R.Usubov əlavə edib ki, artıq 23-cü dəfədir ki, Nardaranda polislə sakinlər arasında qarşıdurma yaşanıb.
Nazir Nardaran sakinlərindən xahiş edib ki, əllərdə olan silahları yerlərdəki post patrul xidmətlərinə təhvil versinlər.
R.Usubov qeyd edib ki, Nardaran istisna olmaqla, hazırda Azərbaycanda hər yerdə əmin-amanlıqdır.