Prezidentin bölgələrə hər səfəri yeni uğurların təməli və müjdəsidir 

“Bu, mənim Gəncəyə Prezident kimi 18-ci səfərimdir. Belə çıxır ki, orta hesabla hər il Gəncədə səfərdə oluram. Elə illər olub ki, iki dəfə olmuşam. Həm ona görə ki, Gəncə Azərbaycanın ikinci şəhəridir və bu şəhərə daim diqqət həmişə yüksək səviyyədə olub. İkincisi, ona görə ki, bir çox layihələr Gəncə şəhərində icra edilib və bu layihələrin icrası davam edir. Gəncə şəhərinin kompleks inkişaf planı həm təsdiqlənib, həm də uğurla icra edilir. On səkkiz ildir ki, mən ölkə Prezidentiyəm və 18 dəfə Gəncədə olmuşam”. Bu bir daha onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev regionlara hər səfəri xalqa xidmətin təzahürüdür.

Davamlı iqtisadi inkişaf, yüksək rifah dövlət siyasətinin əsasını təşkil edir. Dövlətimizin başçısı bütün çıxışlarında bildirir ki, siyasətimizin əsasında vətəndaş amili dayanır. Çünki irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi ölkədə yüksək ab-havanı təmin etməklə yanaşı, xalq-iqtidar birliyinin daha da möhkəmlənməsini şərtləndirir. Və Prezidenti İlham Əliyevin bölgələrə ardıcıl səfərləri, hər səfərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə tədbirlər planını təsdiqləməsi, Prezidentin ehtiyat fondundan vəsaitlərin ayrılması və s. kimi mühüm tədbirlər həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardır.

Bu baxımdan dövlət başçımızın bu günlərdə Gəncəyə səfəri ölkəmizin hərtərəfli inkişafı konsepsiyasının tərkib hissəsidir. Bu, dövlətimizin başçısının ötən il 880 illik yubileyini qeyd etdiyimiz dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətəninə sayca 18-ci səfəridir. Bu səfər bir daha onu göstərir ki, bütün bölgələr, hər bir layihə şəxsən dövlətimizin başçısının diqqət mərkəzindədir. Səfər çərçivəsində bir sıra mühüm sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edən Cənab İlham Əliyevin açıqladığı statistikaya əsasən, ötən il Azərbaycanın bölgələrinə 24 səfər edib. Bu səfərlər zamanı həm işlərə nəzarət etmək üçün imkan yaranır, həm də yerlərdə vətəndaşlarla görüşərək onları narahat edən problemlərin həlli istiqamətində göstərişlər verilir. Regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı bir çox sərəncamlar imzalanıb. Son illərdə digər bölgələrimizdə olduğu kimi, Gəncə şəhərində də mühüm infrastruktur layihələri reallaşdırılıb. Şəhər elektrik enerjisi ilə tam təchiz olunub və burada 10 yarımstansiya fəaliyyət göstərir. Gəncədə 800 milyon manat dəyərində içməli su layihəsi icra edilir və bu layihə ilə şəhərin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq. Gəncəyə Bakıdan dəmir yolu xətti tam modernləşdirilib və xəttə sürətli qatarlar buraxılıb. Gəncə Beynəlxalq Hava Limanı uzun illər bundan əvvəl dövlətimizin başçısının təşəbbüsü ilə yenidən qurulub. Dövlət başçımızı Gəncəyə 18-ci səfəri zamanı isə bir sıra mühüm obyektlərin açılışını edib. Gəncə Dram Teatrının yeni binası, “Azərbaycan Dəmir Yolları” QSC-nin Gəncə lokomotiv deposunun istismara verilməsi, Gəncə İdman Sarayında tikinti işlərinin sürətlə davam etməsi, “ASAN xidmət” Mərkəzinin istifadəyə verilməsi bir daha Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin əsasında vətədaş amilinin dayandığını təsdiq edir.

Həmçinin, Azərbaycan Prezidenti Gəncəyə səfəri zamanı Memorial Kompleksinin təməlqoma mərasimində çıxışı zamanı bildirib ki, böyük ərazini əhatə edəcək Memorial Kompleks təqribən dörd hektarda yaradılacaq. Dağıdılmış bu binalar olduğu kimi qalacaq. Yəni, bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq: "Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda, deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın".

Bir məqamı da qeyd edim ki, Gəncə işğaldan azad edilmiş Kəlbəcərə giriş qapısı rolunu oynayır. Prezident bu barədə danışarkən deyib: “İkinci Qarabağ müharibəsindən sonra Gəncə, eyni zamanda, Kəlbəcər rayonunun inkişafı ilə bağlı öz sözünü deyir və deməlidir. Çünki hazırda bizim Kəlbəcərə yeganə, yəni, rahat gedə biləcəyimiz yol Gəncədən Göygölə, Göygöldən Kəlbəcərədir. Rahat deyəndə, biz ancaq yaz-yay mövsümlərində o yoldan rahat istifadə edə bilərik. Çünki qış aylarında yol həm bəzi yerlərdə keçilməz, həm də çox təhlükəli olur. Bu yol faktiki olaraq sovet vaxtında olmayıb, bir cığır idi. Biz qısa müddət ərzində o cığırı genişləndirdik və mən özüm də keçən il o yolla Kəlbəcərə getmişdim, Murov aşırımından keçərək. Hazırda Murov dağının altından böyük - uzunluğu təqribən 12 kilometr olan tunel çəkilir”.

Dövlət başçısı ğildirib ki, Kəlbəcərin gələcək inkişafı, vətəndaşların oraya qayıtmaları və Kəlbəcər rayonunun, eyni zamanda, Laçın rayonunun təchizatı böyük dərəcədə bu bölgədən təşkil ediləcəkdir: "Ona görə Gəncə və bu zona azad edilmiş torpaqların bərpası, vətəndaşların rahat yaşaması üçün xüsusi əhəmiyyət daşıyır. Hazırda bizim hərbi postlarımıza, bizim sərhəd boyunca yerləşən postlara da əsas təchizat buradan gedir. Ona görə Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da ölkəmizin həyatında, xüsusilə azad edilmiş torpaqların həyatında xüsusi rolu olacaq”.

Bütün bunlar onun göstəricisidir ki, Azərbaycan davamlı inkişaf xəttindədir. Prezident İlham Əliyevin yürütdüyü düzgün, məqsədyönlü siyasət ilbəil öz bəhrəsini verir və ölkəmizi yeni-yeni uğurlara doğru aparır.

Bir sözlə, son 18 il ərzində Azərbaycan Prezidentinin bölgələrə hər bir səfəri regionların inkişafına, vətəndaşların rifahına, hətta ən ucqar kəndlərdə yaşayan insanların layiqli həyat şəraitinin təmin edilməsinə yönəlib. Həmçinin, dövlət başçısının səfər zamanı yerli sakinlərlə görüşü, onlarla səmimi söhbətləri, qayğıları ilə şəxsən maraqlanmaları da dövlətin hər zaman öz vətəndaşının yanında olduğunu göstərir. Və hər səfəri sosial rifahın daha da inkişafına doğru atılan uğurlu addım olmaqla, ölkəmizin daha da inkişaf etməsinə, sosial rifahın yüksək səviyyəyə çatdırılmasına və iqtisadiyyatımızın güclənməsinə geniş imkanlar yaradır.

MƏŞHUR MƏMMƏDOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü