“Bişkekdə “ŞƏT plyus” formatında çıxış edən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın bugünkü xarici siyasət kursunun mahiyyətini və ölkənin dəyişən dünya nizamında özünü necə mövqeləndirdiyini aydın şəkildə ortaya qoydu. Prezidentin əsas mesajı ondan ibarət idi ki, qlobal və regional qarşıdurmaların dərinləşdiyi, beynəlxalq təhlükəsizlik sisteminin ciddi sınaqlarla üzləşdiyi bir dövrdə Azərbaycan böhranların yaratdığı risklərə sadəcə reaksiya vermir, onları yeni imkanlara çevirərək sülh, əməkdaşlıq və inkişaf üçün alternativ model formalaşdırır. Bu baxımdan Azərbaycanın son illərdə keçdiyi yol təkcə Cənubi Qafqaz üçün deyil, daha geniş Avrasiya məkanı üçün mühüm siyasi təcrübədir”.
Bunu Ölkə.az-a açıqlamasında sabiq deputat İltizam Yusifov deyib.
Münaqişə zonasından sülh məkanına
Onun sözlərinə görə, uzun illər Cənubi Qafqaz münaqişə, qarşıdurma və geosiyasi rəqabət məkanı kimi təqdim olunurdu.
“Ermənistan-Azərbaycan münaqişəsi regionun inkişaf imkanlarını məhdudlaşdırır, nəqliyyat və iqtisadi əlaqələri bloklayır, böyük dövlətlərin rəqabəti üçün əlavə zəmin yaradırdı. Lakin Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin etdikdən sonra regionun siyasi gündəliyini tamamilə dəyişdirdi. Prezidentin də qeyd etdiyi kimi, bir ildən bir qədər əvvəl Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması 30 ildən artıq davam edən qarşıdurmanın arxada qalması baxımından tarixi dönüş nöqtəsi oldu”, - o vurğulayıb.
İ.Yusifov hesab edir ki, bu gün artıq yeni geosiyasi reallıq formalaşır:
“Cənubi Qafqaz artıq münaqişənin idarə olunduğu məkan deyil, sülhün və əməkdaşlığın qurulduğu məkana çevrilir. Burada Azərbaycanın digər ölkələrdən fərqli olaraq yürütdüyü siyasətin əsas fərqi ondan ibarətdir ki, Bakı hərbi qələbəni son məqsəd kimi deyil, sülh və əməkdaşlıq üçün yeni başlanğıc nöqtəsi kimi dəyərləndirir. Prezident İlham Əliyevin Bişkekdən verdiyi ən mühüm mesajlardan birincisi bu idi”.
BMT-yə ünvanlanan mesaj: beynəlxalq sistem reallığa uyğunlaşmalıdır
Sabiq deputat əlavə edib ki, Prezidentin çıxışının digər mühüm istiqaməti beynəlxalq təşkilatların, xüsusilə də BMT-nin müasir böhranların həllində üzləşdiyi ciddi problemlər, onun həll etmək iqtidarında olmaması və bu səbəbdən də təşkilatda ciddi islahatların aparılaraq yeni dövrün tələblərinə uyğun fəaliyyətini qurması ilə bağlı idi:
“Azərbaycanın təcrübəsi bu baxımdan olduqca simvolikdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə uzun illər kağız üzərində qaldı. Qətnamələrin icrası üçün beynəlxalq səviyyədə təsirli və işlək mexanizm yaradılmadı. Nəticədə Azərbaycan öz gücü, siyasi iradəsi və imkanları hesabına ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.
Bu, əslində beynəlxalq sistem üçün ciddi sual yaradır: əgər BMT Təhlükəsizlik Şurasının qətnaməsi onilliklər boyu icra olunmursa, həmin qərarın hüquqi və siyasi çəkisini təmin edən mexanizm haradadır?
Bişkekdən səsləndirilən mesaj təkcə Azərbaycanın keçmişi ilə bağlı deyildi. Bu, bütövlükdə beynəlxalq idarəetmə sisteminin gələcəyi ilə bağlı çağırış idi. BMT Təhlükəsizlik Şurasının qərarlarının vaxtında və məcburi şəkildə icrasını təmin edən yeni mexanizmlərin hazırlanması artıq beynəlxalq sistemin etibarlılığı baxımından zərurətə çevrilib. Azərbaycanın mövqeyi burada konstruktiv xarakter daşıyır. Bakının məqsədi BMT-ni zəiflətmək deyil, əksinə, təşkilatın nüfuzunun və effektivliyinin artırılmasıdır”.
Bişkek mesajının strateji mənası
İ.Yusifov qeyd edib ki, Prezident İlham Əliyevin Bişkekdən verdiyi mesajın mahiyyətində bir əsas fikir dayanır:
“Dünya böhranlar içərisində yeni əməkdaşlıq modellərinə ehtiyac duyur və Azərbaycan bu modelin praktik nümunələrindən birini yaradır. Azərbaycan 30 illik münaqişəni arxada qoyaraq sülh gündəliyi formalaşdırır. Regional nəqliyyat və enerji layihələri vasitəsilə qarşılıqlı asılılıq yaradır. Keçmiş rəqiblərlə belə iqtisadi və kommunikasiya əməkdaşlığının mümkün olduğunu nümayiş etdirir. Eyni zamanda beynəlxalq sistemdəki problemləri açıq şəkildə gündəmə gətirərək islahat çağırışları edir.
Bu baxımdan Bişkek çıxışı təkcə bir beynəlxalq tədbirdə səsləndirilən nitq deyil. Bu, Azərbaycanın gələcək geosiyasi rolunun konseptual təqdimatıdır. Azərbaycan artıq yalnız Cənubi Qafqazda sülhün təmin olunmasına çalışan dövlət deyil. Bakı daha geniş coğrafiyada təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadi əməkdaşlıq və çoxtərəfli diplomatiyanın formalaşmasına töhfə verən mühüm siyasi aktora çevrilir.
Bişkekdən verilən əsas mesaj da məhz budur: Azərbaycan dünyadakı böhranların tamaşaçısı deyil. Azərbaycan yeni reallıqların formalaşmasında iştirak edən, qarşıdurmanı əməkdaşlığa, münaqişəni isə sülh və inkişaf imkanına çevirməyi bacaran dövlətdir”.
Mürtəza