Prezident İlham Əliyevin Rusiyaya səfər edəcəyinə dair məlumat ictimailəşdirildikdən sonra təkcə cəmiyyətimizdə deyil, ölkə xaricində də geniş müzakirələr başladı, səfərin məqsədi ilə bağlı ən inanılmaz konspiroloji ehtimallar irəli sürüldü. Səfərə bu qədər maraq göstərilməsi təbii və gözlənilən idi. Əvvəla, ona görə ki, 2022-ci il fevralın 24-dən etibarən dünyanın nəzərləri Kremlə daha çox fokuslanıb və bu ölkəyə edilən yüksəksəviyyəli səfərlər diqqəti dərhal cəlb edir. Azərbaycan Prezidentinin Rusiya dövlət başçısının dəvəti əsasında həyata keçirilən işgüzar səfərinə xüsusi marağın əsas səbəblərindən biri də onunla bağlıdır ki, Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiya qurmaq istəyən aparıcı aktorlar Azərbaycanın regionda oynadığı müstəsna rolun fərqindədirlər.
Cəmiyyətimizin bu səfərə həssaslığının başqa bir səbəbi də odur ki, səfər ərəfəsində Rusiya sülhməramlıları vaxtından əvvəl Qarabağdan çıxarılmağa başladı. Ardınca isə Ermənistan dörd kəndimizi qaytarmağa razılıq verdi. Özü də bu, Rusiyanın və Cənubi Qafqaza nüfuz etmək istəyən digər aparıcı aktorların iştirakı olmadan, ikitərəfli razılaşma əsasında baş verdi. Məlum tarixi səbəblərə görə, istər Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi, istərsə də Ermənistanın dörd kəndimizi dinc yolla geri qaytarmağa razılaşması o dərəcədə ciddi hadisələrdir ki, onların həqiqi miqyasını və ölkəmiz üçün tarixi əhəmiyyətini sözlə ifadə etmək olduqca çətindir. Elə bu səbəbdən dünyanın bir çox nüfuzlu beyin mərkəzləri və aparıcı dövlətlərindən bəziləri çaşqınlıq içərisində olduqlarını gizlədə bilmədilər. Beynəlxalq media resursları vasitəsi ilə ictimai dövriyyəyə ən inanılmaz konspiroloji fərziyyələrin buraxılması həm də bundan qaynaqlanırdı.
Bəzi siyasi mərkəzlərin çaşqınlığı o dərəcədə qabarıq idi ki, onlar eyni vaxtda biri digərini təkzib edən ziddiyyətli açıqlamalar verməyə başladılar. Bir tərəfdən, dörd kəndimizin geri qaytarılması və ikitərəfli razılıq əsasında delimitasiya işlərinə başlanılması alqışlandı, digər tərəfdən isə, ötənilki antiterror tədbirləri zamanı Rusiya sülhməramlılarının öhdəliklərinə əməl etmədiyi iddia olundu. Sözdə ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı və suverenliyi ilə bağlı fundamental prinsiplərə sadiq olduqlarını hər fürsətdə bəyan edənlər, faktiki olaraq, əməldə bu prinsiplərin əleyhinə gedərək antiterror tədbirinin qanuniliyinə kölgə salmağa başladılar və onun qarşısını almadığına görə Rusiyanı günahlandırdılar. Bu cür ədalətsiz yanaşma bir daha təsdiq etdi ki, söhbət Azərbaycandan getdikdə, həmin mərkəzlərin fundamental dəyərlərə və beynəlxalq hüquqa gerçək münasibəti şüarçılıq səviyyəsindən kənara çıxmır. Prezident İlham Əliyev aprelin 22-də Prezident Vladimir Putin ilə Kremldə görüşü zamanı səfərinin məqsədinə özü aydınlıq gətirdi və bəzilərinin çaşqınlığının əsassız olduğunu bu cür ifadə etdi: “Regional təhlükəsizlik məsələləri həmişə bizim görüşümüzün gündəliyindədir. Biz, həmçinin şadıq ki, onlar öz həllini tapır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır”.
Səfər çərçivəsində Azərbaycan və Rusiya Prezidentlərinin Baykal-Amur Magistiralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü də keçirildi. Ötən əsrin ən böyük və mürəkkəb layihələrindən biri kimi tarixə düşən BAM-ın veteran iştirakçıları ilə görüşdə yada salınan xoş xatirələr göstərdi ki, dövlətlərin bir-biri ilə anlaşmasında və qarşılıqlı etimad mühitinin yaranmasında xalqlar, insanlar arasındakı ünsiyyətin, səmimi yaddaşın rolu danılmazdır. Ulu Öndər Heydər Əliyevin dövlət xadimi kimi böyüklüyü həm də ondadır ki, hətta yarım əsr sonra onun əziz xatirəsi vaxtilə rəhbərlik etdiyi Baykal-Amur Magistiralının veteran iştirakçıları tərəfindən xüsusi hörmətlə anılır, bənzərsiz lider keyfiyyətləri, sıravi vətəndaşlarla səmimi ünsiyyəti bu gün də unudulmur. Görüşdə iştirak edən “BAM birliyi” ictimai təşkilatının prezidenti Yefim Basinin Ulu Öndərlə bağlı xatirələri olduqca səmimi idi: “Hökumət tərəfindən, artıq dediyiniz kimi, tikintiyə Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əlirza oğlu Əliyev nəzarət edirdi. O, möhkəm iradəli, böyük erudisiyaya malik və səriştəli bir insan idi. O, mənim taleyimdə də əhəmiyyətli rol oynayıb”. Yefim Basin onu da xatırlatdı ki, o dövrdə Azərbaycan milli memarlığı üslubunda hazırlanmış Anqoya stansiyasındakı dəmir yolu vağzalına 2008-ci ildə Ulu Öndər Heydər Əliyevin adı verilib.
İki dəfə Rusiya Federasiyasının nəqliyyat yolları naziri olmuş Gennadi Fadeyevin Ulu Öndərlə bağlı xatirələri də səmimiliyi ilə diqqət çəkdi: “Onu vurğulamaq istəyirəm ki, biz Heydər Əlirza oğlu haqqında danışanda insanlarda belə bir təəssüratın yarandığını görürük: o, insanları çox sevən insan idi. O, kilometrlərlə deyil, tonlarla deyil, talelərlə, BAM-çıların bu və ya digər müddət ərzində işlədiyi şəraitlə maraqlanırdı. O, heyrətamiz rəhbər idi”. Bu səmimi xatirələr bir daha göstərir ki, Heydər Əliyev kimi nəhəng dövlət xadimlərinin xatirəsi hansı quruluşda, hansı cəmiyyətdə fəaliyyət göstərmələrindən asılı olmayaraq, insanlar tərəfindən heç vaxt unudulmur, hər zaman hörmətlə anılır. Ulu Öndər o nadir tarixi şəxsiyyətlərdəndir ki, keçdiyi həyat yolu ilə doğma Azərbaycan xalqının müdrikliyini, sözündə və əməlində bütövlüyünü, səmimi və etibarlı tərəfdaş olduğunu Rusiya ictimaiyyətinə və onun rəsmi məqamlarına bir daha xatırlada bilir. Prezident İlham Əliyevin görüşdə səsləndirdiyi bu fikir elə həmin gerçəkliyi bütün dolğunluğu ilə ifadə edir: “Əlbəttə, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır”.
Azərbaycan Prezidentinin bu səfəri Cənubi Qafqaza nüfuz etmək istəyən ölkə və təşkilatlara həm də onu göstərdi ki, faydalı əməkdaşlığın səviyyəsi qarşılıqlı etimad mühitinin yaranmasına verilən töhfələrdən xeyli dərəcədə asılıdır. Təəssüf ki, bəzi dairələr Cənubi Qafqazda öz maraqlarını təmin etmək üçün elementar məntiqi, praqmatik düşüncəni və faydalı qarşılıqlı uzlaşmanı deyil, kəskin qarşıdurma yolunu seçiblər. Onlar Şərqi Avropada və Yaxın Şərqdə çəkdikləri təhlükəli ayırıcı xətləri Cənubi Qafqaza da köçürməyə çalışırlar. Bu məqsədlə istifadə üçün seçilən ölkə isə yenə də Ermənistandır. Həmin seçimə, ayrı-seçkilik siyasətinə demokratiyadan və insan haqlarından nə qədər don geyindirməyə çalışsalar da, aydındır ki, bütün proseslərin kökündə yalnız maraq dayanır. Anlaşılmaz təzad ondadır ki, guya Avro-Atlantik məkana üz tutduğu görüntüsünü yaradan Ermənistanın 2021-ci ilin iyununda-müharibədən sonra Rusiya FTX-nin sərhəd qoşunlarının əlavə qüvvəsini Azərbaycanla sərhədə yerləşdirməsi həmin dairələrdə heç bir sual və çaşqınlıq yaratmır, amma sülhməramlıların Azərbaycanın suveren ərazisindən çıxması onlarda nəinki çaşqınlıq yaradır, az qala qınaqla qarşılanır. Artıq o da sirr deyil ki, Cənubi Qafqazda ayırıcı xətlərin çəkilməsinə təşəbbüs göstərən Fransa kimi ölkələr və onların təsiri altında olan beynəlxalq təşkilatlar Ermənistanı əksər hallarda öz oyunlarına alət edə bilirlər. O da təəssüf ki, Ermənistan növbəti dəfə bu cür statusu ilə barışır. Lakin kim hesab edirsə ki, Azərbaycan Cənubi Qafqazda ayırıcı xətlərin çəkilməsinə və təcridolunma təşəbbüslərinə biganə qalacaq, yaxud süni siyasi konfiqurasiyaların qurulmasına göz yumacaq, heç şübhəsiz ki, özü-özünü aldadır. Azərbaycanın region ölkələri ilə əlaqələri məhz ona xidmət edir ki, dövlət maraqlarımız kimlərinsə girovuna çevrilməsin və Ermənistandan fərqli olaraq, Azərbaycandan başqalarına qarşı təhdid subyekti kimi istifadə olunmasına imkan verilməsin, qonşularla münasibət yalnız qarşılıqlı etimada söykənsin. Prezident İlham Əliyevin Rusiya dövlət başçısı ilə görüşündə səsləndirdiyi fikir həm də bu baxımdan olduqca önəmlidir: “Biz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq”.
Azərbaycanın yerləşdiyi coğrafiyanın tarixi mürəkkəbliyini və özəlliklərini nəzərə almayan siyasi mərkəzlər bir az səy göstərsələr görərlər ki, Azərbaycan gerçək mənada müstəqil xarici siyasət yürüdür və hər bir qərarının arxasında müstəqil siyasi iradə dayanır. Azərbaycan Prezidentinin Moskva səfərinin ardınca, heç bir ayrı-seçkilik etmədən Ukrayna Prezidenti Volodimir Zelenskini COP29-a rəsmən dəvət etməsi də yalnız onun göstəricisidir ki, Prezident İlham Əliyevin bütün qərarlarının arxasında siyasi konyuktura, yaxud kimlərinsə arzu və istəyi deyil, Azərbaycanın dövlət maraqları və beynəlxalq münasibətlərin bütün subyektləri ilə bərabərhüquqlu əməkdaşlıq siyasəti dayanır. Aprelin 23-də ADA Universitetində dünyanın nüfuzlu beyin mərkəzləri təmsilçilərinin iştirakı ilə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyevin verdiyi bu mesaj Ermənistanın xüsusi canfəşanlıq edən himayədarları üçün ciddi siqnal olmalıdır: “Biz heç vaxt Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmamışıq. Biz hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyədə qardaşlarımız ilə münasibətlərimizdə ədalətli olmuşuq. Uğurumuzun səbəbi bundadır”.
Ülvi Quliyev
Milli Məclisin deputatı