“Dünyada və regionda münaqişə potensialı çox yüksək olaraq qalır. Dünya çoxqütblü olmaqdadır, amma bəziləri laxlayan hegemonluğunu qorumağa çalışırlar”.
Bu sözləri MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətlərinin rəhbərlərinin Moskvadakı görüşünə onlayn formatda qatılan Rusiya Prezidenti Vladimir Putin deyib.
Rusiya lideri qeyd edib ki, “Şimal axını”na qarşı təxribat ümumavropa enerji infrastrukturunun məhv edilməsinə yönəlib:
“Şimal axını”na qarşı törədilən diversiyalar Avropa iqtisadiyyatına böyük ziyan vurur, milyonlarla insanın həyatını pisləşdirir”.
Vladimir Putin fikrinin davamında Amerikanın xarici siyasətini də tənqid edib:
“ABŞ Ukraynanı Rusiyaya qarşı taran kimi istifadə edir, Kiyevi silahlandırmaqla məşğuldur”.
Rusiya Prezidenti təhlükəsizlik orqanları və kəşfiyyat xidmətlərinin əməkdaşlarına müraciət edərək vətəndaşların kütləvi toplaşdığı yerləri və infrastruktur obyektlərini mümkün qədər daha diqqətlə mühafizə etməyi tapşırıb.