Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumun plenar iclasında Ermənistan rəhbərliyinin Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıması ilə bağlı fikirlər söyləyib.
Putin moderatorun sualına cavab olaraq “Başa düşürsünüz, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıbsa, bu qədər, daha nədən söhbət gedə bilər?! Bu, bütün problemlərin əsas tərkib hissəsidir. Ermənistan özü Qarabağın statusunu müəyyən edib. Bütün problem bundadır”, - deyib.
Putinin açıqlamasını Metbuat.az-a şərh edən ekspert Anar Əliyev bildirib ki, Kreml rəhbərinin dediklərində incə məqamlar var:
“Putin bəyan edir ki, İrəvan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü tanıması problemin köküdür. Əslində Putin problemi bunda deyil, yaranmış gərginliyin açarının ərazi bütövlüyünün tanınmasında olduğunu bəyan etsəydi daha yaxşı olardı”.
Metbuat.az-a açıqlama verən millət vəkili Cavanşir Feyziyev isə hesab edir ki, Putinin açıqlaması reallığı əks etdirir:
“Şərq İqtisadi Forumunun plenar iclasında Rusiya prezidenti Vladimir Putinin Qarabağın statusu ilə bağlı verdiyi açıqlama heç bir problem yaratmır. Əksinə reallığı əks etdirir. Çünki həqiqətən də gündəmdə Qarabağın statusu ilə bağlı heç bir məsələ yoxdur və ola da bilməz. Əgər V.Putin problemin açarını mövcud olmayan bir problemin həllində gördüyünü bildirsəydi, o zaman bölgə Vətən müharibəsindən əvvəlki status-kvoya qayıtmış olardı. Bu isə münaqişənin yenidən alovlanmasına və daha uzunömürlü yeni bir münaqişə fazasına gətirib çıxarardı”.
Millət vəkili qeyd etdi ki, Putin bu açıqlaması ilə birmənalı olaraq Qarabağın tam şəkildə Azərbaycanın tərkib hissəsi olduğunu və bunun bütün dünya ilə bərabər Ermənistan tərəfindən də tanındığını bəyan etdi:
“Bu bir faktdır. Belə bir faktı açıq səsləndirməyin isə Rusiyanın regionda mövqeyinin zəifləməsi və ya güclənməsi ilə heç bir əlaqəsi yoxdur”.
Politoloq Məhəmməd Əsədullazadə də Putinin son açıqlamasına münasibət bildirib. O deyir ki, Ağdam-Xankəndi yolunun açılması ilə Rusiya Qarabağla bağlı Azərbaycanın gündəliyini qəbul etmək məcburiyyətində qaldı:
“Rusiya tərəfi də qeyd edir ki, Qarabağın statusu olmayacaq. Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Rusiya 2025-ci ildə Qarabağdan getməli olacaq. Məhz bu hazırlıqlara görədir ki, onlar bəyanatlar verirlər. Rusiya tərəfi anlayır ki, Azərbaycan prosesi uğurla aparır. Ümumiyyətlə, Laçın yolunda NBM qurulduqdan sonra, Rusiyanın Qarabağla bağlı siyasətinə Azərbaycan ciddi zərbə vurdu. Halbuki Rusiya çalışırdı ki, Laçın yolu əvvəlki vəziyyətində davam etsin, Qarabağın statusu gələcəyə saxlanılsın. Ona görə də, baş verənləri Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımağına bağlaması ilə əlaqələndirirlər”.
Qeyd edək ki, Rusiya Prezidentinin açıqlamasından sonra Ermənistan mətbuatında ciddi müzakirələr başlayıb. Ermənistan parlamentinin deputatı Artak Zakaryan baş naziri bəyanatını geri götürməyə çağırıb:
“Belə çıxır ki, əgər rəsmi İrəvan dediyini geri götürsə, Rusiya Qarabağın statusu məsələsinə qayıtmağa hazır olacaq. Ona görə də, Nikol Paşinyan açıq şəkildə deməlidir ki, ərazi bütövlüyü ilə bağlı fikirlərini səhv başa düşüblər. Əgər o buna nail olarsa, ABŞ və bir sıra Aİ ölkələri Qarabağın statusu məsələsini yenidən gündəmə qaytara bilər".
Görünür, Ermənistan Qərbin yağlı vədlərinə inanmaqla hələ bir müddət də sülh prosesini ləngidən addımlar sərgiləyəcək.