Qafqaz dünyanın həm coğrafi, həm etnoqrafik, həm də siyasi mənada ən zəngin, rəngarəng və eyni zamanda, ziddiyyətli bölgələrindən biridir. Asiya və Avropanın sərhədində yerləşən bu regionda hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq, tarix boyu yan-yana yaşayan və yadelli işğalçıların mütəmadi hücumlarına məruz qalan Qafqaz xalqları bir-birindən dəstək gözləyir, ümumi düşmənlərə qarşı vuruşurdular. Onu da iddia etmək olar ki, taleyin amansız sınaqlarına məruz qalan Qafqaz xalqları çoxsaylı işğalçılara qarşı birgə mübarizədə qarşılıqlı dəstək sayəsində öz fiziki varlıqlarını və orijinal mədəniyyətlərini qoruyub saxlaya bildilər.
Məşhur şair Rəsul Həmzətovun sözləri ilə ifadə etsək deyə bilərik ki, hər bir qafqazlının öz Qafqazı var. Qafqaz kimliyini Qafqaz xalqlarının, ümumən qafqazlıların hansısa ümumiləşdirilmiş, eyniləşdirilmiş obrazı şəklində təsvir etmək son dərəcə çətindir, həm də faydasız görünür. Qafqaz xalqlarının mədəni-tarixi fərqliliyi nəzərə alınmaqla ümumi maraqlara xidmət edən müttəfiqliyin, birliyin qurulması, xüsusilə xarici müdaxilələrə, çətinliklərə qarşı birgə müqavimət naminə birləşmək ideyaları zaman-zaman pozitiv ictimai şüur kimi müzakirə olunub və dövrün aydınları, liderləri tərəfindən həlli yolları axtarılıb. Bu təşəbbüslərdən biri də “Qafqaz evi” ideyasıdır.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli deyib.
“Qafqaz evi” və ya “Qafqaz İttifaqı” ideyasının yeni olmadığını bildirən Ə.Abbasbəyli əlavə edib: “Bu, müasir formada XX əsrin əvvəllərində yaranıb və 1920-ci ildə Qafqazda müstəqil milli dövlətlərin süqutundan sonrakı siyasi mühacirət illərində də uzun inkişaf yolu keçib. Hesab edirik ki, tarixə qısa ekskurs edərək, ən vacib məqamları diqqətə çatdırmağa ehtiyac var. Belə ki, hələ, XX əsrin əvvəllərində “Azad Qafqaz” ideyasının praktiki həyata keçirilməsi istiqamətində ciddi addımlar atılıb. Şimali Qafqazdan, eləcə də Azərbaycan və Gürcüstandan gələn mühacirlər Türkiyədə “Qafqaz Komitəsi” təşkil ediblər. 1915-ci ilin dekabrında Komitə Memorandum qəbul edərək, onu Qərb dövlətlərinə təqdim etmək üçün Berlin və Vyanaya nümayəndə heyəti göndərib.
1917-ci fevralında Rusiyada baş vermiş inqilab və Çar mütləqiyyətinin ləğvindən sonra Cənubi Qafqaz regionunun ən böyük siyasi partiyaları Zaqafqaziya Federasiyasını yaradıblar ki, bu da Cənubi Qafqazın müxtəlif xalqlarının dinc yaşamasını təmin etməli idi. Zaqafqaziya Federasiyasının formalaşdığı vaxtda, Birinci Dünya Müharibəsi hələ də davam edirdi və Cənubi Qafqaz xalqlarının nümayəndələri arasında bir sıra məsələlərlə bağlı fikir ayrılığı mövcud idi. Məhz xalqlar arasında fikir ayrılıqları, ziddiyyətlər məntiqi sonluqla nəticələndi: 1920-ci ilin mayın 26-dan 28-dək Tiflisdə yeni müstəqil dövlətlər - Azərbaycan, Gürcüstan və Ermənistan elan edildi.
1920-1921-ci illərdə Sovet Rusiyasının işğalı nəticəsində əvvəlcə Azərbaycan, sonra isə Ermənistan və Gürcüstan müstəqilliklərini itirdilər. Sovet Rusiyasının işğalının ilkin dövrlərində Zaqafqaziya Sosialist Sovet Respublikaları Federativ İttifaqı yaradıldı (sonralar ZSFSR adlandırıldı). Lakin bu inteqrasiyaya səbəb kimi nə Qafqaz xalqları siyasi elitalarının, nə hökumətlərinin və nə də ictimaiyyətinin istəyini qeyd etmək düzgün olmaz. Buna səbəb sadəcə Sovet Rusiyasının mərkəzi hakimiyyətinin iradəsi oldu. Əlbəttə, yenə məhz Mərkəzi hakimiyyətin iradəsi ilə bu qurum da ləğv edilərək, üç yarım-müstəqil respublika yaradıldı. 1980-ci illərin sonuna qədər davam edən bu vəziyyətdə Qafqaz xalqları, xüsusən də Cənubi Qafqaz xalqları nisbətən dinc şəraitdə yaşadılar. Əlbəttə ki, bu birgəyaşayışı təmin edən, daha doğrusu məcbur edən, sovet imperiyası çərçivəsindəki tələblər, ciddi diktatura rejimi və sərt cəza tədbirləri qorxusu idi”, - deyə siyasi şərhçi qeyd edib.
O bildirib ki, bu proseslərlə paralel olaraq müstəqilliyini itirmiş üç respublikanın rəhbərlikləri xaricdə fəaliyyətlərini sonralar da davam etdirirdilər. Azərbaycan və gürcü istiqlal fəalları müxtəlif layihələrində bir çox hallarda erməni tərəfinin iştirakı olmadan birgə iştirak edirdilər. Artıq 1921-ci il iyunun 10-da Mərkəzi Qafqazın üç respublikasının səlahiyyətli nümayəndələri Əli Mərdan bəy Topçubaşovun sədrliyi ilə ilk iclaslarını keçirdilər və bu iclasda bu dövlətlər arasında siyasi və iqtisadi ittifaq haqqında qərar qəbul edildi. Mərkəzi Qafqaz respublikalarının nümayəndələrinin rus mühacirətinin nümayəndələri ilə ilk görüşü 1921-ci il iyulun 7-də Paris Ədliyyə Palatasının iclas zalında oldu.
Sonra 1927-ci ildə Azərbaycan, Gürcüstan və Şimali Qafqazın nümayəndələri Qafqaz İstiqlal Komitəsini yaratdılar.
Daha sonra, 1934-cü il iyulun 14-də Qafqaz mühacirləri növbəti addımı atdılar və marşal Y.Pilsudskinin dəstəyi ilə Brüsselə toplaşaraq Qafqaz Konfederasiyasının Paktını imzaladılar. Azərbaycan, Gürcüstan və Şimali Qafqazın mühacir Milli mərkəzləri Qafqaz Konfederasiyasının prinsiplərini elan etdilər.
1980-ci illərin sonunda, sanki tarix yenidən təkrarlandı, Qafqaz xalqları öz əcdadlarının Rusiya İmperiyasının sonunda yaşadıqları mənzərəyə oxşar mənzərəni yaşamalı oldular. Dağılan sistem həm də Sovet İmperiyasının mövcud olduğu bütün dövr ərzində süni şəkildə “möhkəmlənmiş” xalqlar arasında əlaqələrin məhvinə səbəb oldu. Köhnə münaqişələr yenidən alovlandı.
Əlbəttə ki, həmin dövrdə Azərbaycanla Ermənistan arasında gedən amansız müharibə, həmçinin Abxaziya, Osetiya və s. kimi münaqişələr fonunda “Qafqaz evi” birliyindən söhbət gedə bilməzdi.
Lakin, 1994-cü ildə Ermənistan-Azərbaycan münaqişənin qaynar mərhələsinin başa çatması müharibənin yeganə geosiyasi qurbanı olan Azərbaycan sosial, iqtisadi və heç də az əhəmiyyətli olmayan siyasi yenidənqurma prosesinə başlamaqla yanaşı, bir neçə dəfə sülh prosesinin təşəbbüskarı oldu. Belə ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan iqtisadi dirçəliş və inkişaf yolu tutmuşdu. Əlbəttə ki, iqtisadi inkişaf üçün beynəlxalq investorların cəlb edilməsinə ehtiyac var idi. Aydın idi ki, hərbi-siyasi vəziyyətin qeyri-sabit olduğu ölkəyə investoraların cəlb edilməsi müşkül iş ola bilərdi. Digər tərəfdən, uzunsürən qanlı müharibədən çıxmış Azərbaycan təbii ki, ərazi bütövlüyünü bərpa etmək niyyətində idi. Lakin o dövrdə demək olar ki, etibarlı və güclü hərbi-siyasi müttəfiqi olmayan, iqtisadi, hərbi potensialı zəif olan dövlət üçün güclü havadarlarına güvənən düşmənlə mübarizə insan və iqtisadi itkilər hesabına başa gələ bilərdi. Bu səbəbdən də, müharibədən sonra, ilk dövrlərdə Azərbaycan itirilmiş ərazilərinin azad olunmasına itkilər vermədən, ən azı bir hissəsini diplomatiya yolu ilə geri qaytarmağa çalışırdı. Nəhayət, Azərbaycan Ermənistandan fərqli olaraq güclü beynəlxalq hüquqa, diplomatik arqumentlərə söykənirdi. Bir çox beynəlxalq qurumlar tərəfindən dəfələrlə Ermənistan qoşunlarının viran olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair çağırışlar edilmişdi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi bir sıra digər qətnamələrdən fərqli olaraq, icra edilmədi.
1994-cü ildə Birinci Qarabağ müharibəsinin başa çatması fonunda Bakıda “Əsrin müqaviləsi” imzalandı və bu müqavilə yeni müstəqillik qazanmış respublikanın iqtisadi inkişafına yol açdı. Aydındır ki, Azərbaycanın neft mədənlərini xarici dünya ilə birləşdirən kəmərin çəkilməsi vacib idi. Bu məsələ ilə bağlı Azərbaycan Gürcüstana arxalandı və ona üstünlük verdi.
1996-cı ildə Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şevardnadze “Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizlik haqqında” Azərbaycan-Gürcüstan bəyanatını imzaladılar. Bu bəyanat iki ölkə arasında güclü siyasi və iqtisadi əlaqələrin qurulması üçün başlanğıc nöqtə oldu.
Azərbaycanla Ermənistan arasında da istər Heydər Əliyev dövründə, istərsə də ondan sonrakı münasibətlər Qarabağ məsələsinin sülh yolu ilə həlli cəhdləri ilə müşayiət olunsa da, Ermənistanın tutduğu ədalətsiz mövqe səbəbindən təəssüf ki, nəticə vermədi.
“Nəhayət, bildiyimiz kimi, 2020-ci ildə Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə oldu. Azərbaycan Silahlı Qüvvələri işğal edilmiş ərazilərini əks-hücum nəticəsində azad etdi və suverenliyini tam bərpa etdi.
Qətiyyətlə qeyd etmək olar ki, 44 günlük müharibə 1994-cü ildə Bişkek müqavilələrinin bağlanmasından sonra iki ölkə arasında hər iki tərəfdən minlərlə itkilər hesabına başa gələn ən ciddi hərbi qarşıdurma idi. Lakin məhz bu hadisələrdən sonra Qafqaz regionun çağdaş yolu öz istiqamətini dəyişdirdi və regionda yeni düzən formalaşdı.
Artıq bu tarixdən etibarən tarixin axarını dəyişdirən sənədlər imzalandı: 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin Bəyanatı, sonralar 2021-ci il 11 yanvar tarixli Bəyanat, 2021-ci il noyabrın 26-da Soçi şəhərində imzalanmış Bəyanat, 2022-ci il 31 oktyabr tarixli Bəyanat və sair.
Ən nəhayət, 2024-cü il yanvarın 1-i müasir “Qafqaz evi”nin formalaşmasında yeni hekayə açdı. Bütün bəlaların mənbəyi, “regionun bədxassəli şişi” birdəfəlik kəsilib atıldı, saxta “Artsax respublikası” ləğv edildi. Təbii ki, bu, bir gündə baş vermədi. Yəni, 2023-cü il sentyabrın 19-da Azərbaycan antiterror tədbirləri həyata keçirərək, separatçıların qeyri-qanuni silahlı birləşmələrinə zərbələr endirərək, Azərbaycan ərazilərində etnik təmizləmə və qırğınlara bilavasitə cavabdeh olan faktiki terror təşkilatına - “Artsax müdafiə ordusuna” son qoydu. Beləliklə, yalnız Azərbaycanın deyil, ümumiyyətlə, regionun təhlükəsizliyi üçün risk və təhdid mənbəyi olan erməni separatizmi məhv edildi, başqa sözlə desək, 100 ildən çoxdur bu regiona faciə və fəlakət gətirən təhlükəli faktorlar neytrallaşdırıldı. Region üçün yeni bir dövr başlandı, region dövlətləri üçün dinc yanaşı yaşamağın dayanıqlı formasını həyata keçirmək üçün zəmin, “Qafqaz evi” ideyasının reallaşması üçün şans yarandı.
Məhz, bunu nəzərdə tutaraq, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 8-də Gürcüstana növbəti səfəri zamanı da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının regionda tamamilə yeni vəziyyət yaradacağını, Cənubi Qafqaz ölkələrinin əməkdaşlığa üçtərəfli formatda başlaya biləcəklərini vurğulamaqla yanaşı, regional əməkdaşlıq, Ermənistanla münasibətlərin normallaşması üçün kənar qüvvələrə ehtiyac olmadığına da işarə etdi. Yəni, rəsmi Bakı, Tbilisi və İrəvan aralarında olan problemləri özləri ilə həll edə biləcəklərini diqqətə çatdırdı”, - deyə Ə. Abbasbəyli bildirib.
Onun sözlərinə görə, tarixin dərsləri sübut edir ki, Cənubi Qafqazın taleyi birmənalı olaraq Azərbaycan, Gürcüstan və Ermənistandan asılıdır. Odur ki, bir əsrdən artıq yaşı olan "Qafqaz evi" ideyası üçün regionda sülhün və təhlükəsizliyin bərqərar olunması əsas və zəruri məsələdir. "Qafqaz evi" ideyasının reallaşması üçün tarixi fürsət yaranıb.
Təəssüf ki, qlobal güclər regionda öz maraqları uğrunda apardıqları gərgin mübarizənin fonunda "Qafqaz evi" ideyasını kölgədə saxlamağa cəhd edir və bu təşəbbüsün reallaşmasını çətinləşdirir. Lakin Azərbaycan faktiki olaraq "Qafqaz evi" uğrunda daha geniş miqyasda gərgin mübarizəyə start verib. Dövlətimizin, onun siyasi rəhbərliyinin bu məqsədinə çatacağına inam hissi böyükdür. Azərbaycanın mövqeyini və təşəbbüsünü gücləndirən bir çox səbəblər var. İlk növbədə, qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin irəli sürdüyü proqram çərçivəsində əməkdaşlıq Cənubi Qafqazda yeni siyasi-iqtisadi mühit yarada, yeni səmərəli layihələrin icrasına yol aça bilər. Bu, region ölkələrinin inteqrasiyasını, yeni əməkdaşlıq və qonşuluq modelinin yaranmasını da şərtləndirər.
Digər tərəfdən Ermənistan da yeni regional modelin tərkib hissəsi olmaq üçün havadarlarına arxalanaraq qonşu dövlətlərə qarşı əsassız ərazi iddialarından, militarist, revanşist ideyalardan, regional təhlükəsizliyi təhdid edən, sabitliyin pozulmasına yönəlik davranışlardan əl çəkməlidir.
“Son yüz ildə baş verənlər sübut edir ki, Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədilə irəli sürülmüş “Qafqaz evi” ideyasının təşəbbüskarı olmaqla yanaşı, bu ideya uğrunda davamlı və ardıcıl mübarizə aparır. Bu gün də, görülən işlər, Azərbaycanın regional miqyasda tarixi missiya yerinə yetirmək üçün tam hazır olduğunu göstərir. “Qafqaz evi” ideyası qarışıq dünyada Cənubi Qafqazda etimad mühitinin yaranmasına, sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin edilməsinə zəmin yarada, bölgəni bir çox fəsadlardan qoruya, xalqların dinc yanaşı yaşamasına şərait yarada bilər”, - deyən siyasi şərhçi fikirlərini yekunlaşdırıb.