Qalib Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır

 

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 43 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Mirkişilinin Sumqayıt şəhərində seçicilərlə növbəti görüşü keçirilib.

 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

 

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Cavid Məmiyev parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, Yeni Azərbaycan Partiyasının bu seçkilərə yüksək səviyyədə hazırlaşdığını deyib.

 

Deputatlığa namizəd Tahir Mirkişili bildirib ki, qalib Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. O qeyd edib ki, bu gün uğurla davam etdirilən genişmiqyaslı islahatlar dövlət idarəçiliyinin və siyasi sistemin təkmilləşməsinə, iqtisadiyyatın inkişafına, əhalinin sosial rifahının yaxşılaşmasına, xalqımızın milli mədəni irsinin və mənəvi dəyərlərinin qorunmasına və ümumilikdə Azərbaycanın yüksəlişinə xidmət edir: “Yeni mərhələdə islahatların dərinləşdirilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Bu islahatlar iqtisadi idarəetmənin köklü səviyyədə müasirləşməsinə, inkişafın yeni hərəkətverici qüvvələrinin təşəkkül tapmasına və hər bir Azərbaycan vətəndaşının rifahının yüksəlməsinə zəmin yaradacaq”.

 

Çıxış edən təşviqat qrupunun üzvləri Şakir Abuşov, Mətanət Məhərrəmova və digərləri YAP-ın məqsədyönlü fəaliyyətindən, əldə edilən uğurlardan və gələcək hədəflərdən danışıb, seçiciləri Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləməyə çağırıblar.

 

Görüşdə çıxış edən seçicilər ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi islahatlardan, insanların rifah halının yaxşılaşmasından razılıqlarını bildiriblər, parlament seçkilərində YAP-ın Azərbaycan Partiyasının namizədini dəstəkləməyə çağırıblar.