Qalib xalqın şəhid xəbərinin ardı nə vaxt kəsiləcək? - Könül İsmayılovadan cavab

Ermənistanın Kəlbəcər istiqamətində Azərbaycan əsgərlərinin olduğu mövqelərə atəş açmaları nəticəsində bir Azərbaycan əsgəri şəhid olub...

MMP-nın sədr müavini: “İkinci Vətən Müharibəsində Azərbaycanın çaldığı qələbdən sonra 10 noyabr və 11 yanvarda imzalanan bəyanatlara Ermənistan əməl etmir. Son zamanlar həm cəbhə bölgəsində, həm sərhəddə baş verən təxirbatlar çoxalıb”.

“Biz düşündük ki, 28 ildən sonra şəhidlərimizin qanı bahasına qalib gəldik və bundan sonra şəhidlərimiz olmayacaq. Amma qələbədən sonra da Azərbaycan xalqı şəhid xəbəri eşidir və şəhid qarşılayır. Bu çox ürək ağrıdan məsələdir”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova son günlərdə cəbhədə baş verən təxribatların nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən Azərbaycan-Ermənistan sərhədindəki erməni əsgərlərinin Kəlbəcərdə hərbi xidmətdə olan Azərbaycan əsgərlərinin olduğu mövqelərə atəş açmaları nəticəsində bir Azərbaycan əsgəri şəhid olub.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda isə bildirilir ki, Azərbaycanın Kəlbəcər rayonu sərhəd xəttində Ermənistan əsgərləri Azərbaycan mövqelərini atəşə tutub. Günorta saatlarında edilən hücumda Azərbaycan əsgəri Ayaz Nəzərov şəhid olub. Azərbaycan ordusunun müdaxiləsi ilə qarşı tərəf susdurulub.

Qeyd edək ki, ötən gecə Ermənistan silahlı qüvvələri dövlət sərhədində yenidən təxribatlar törədib.

Bəs qalib xalqın şəhid xəbərinin ardı nə vaxt kəsiləcək? Azərbaycan orudusu niyə hər erməni təxribatı nəticəsində şəhid verir?

Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova ilə müzakirə edib.

Könül İsmayılova: “Şəhidlərimizin sayı daha da çoxalmadan tez bir zamanda qətiyyətli addımlar atılmalıdır”.

Onsuz da ölkənin daxilində də vəziyyətin yaxşı olmadığını və insanların psixologiyasının pozulduğunu vurğulayan Könül İsmayılova əlavə edib ki, bir yandan artan qiymətlər, bir yandan da sərhəddə olan gərginliklər insanlara çox pis təsir edir. Buna görə də bütün bunların qarşısını almaq lazımdır:

“İkinci Vətən Müharibəsində Azərbaycanın çaldığı qələbdən sonra 10 noyabr və 11 yanvarda imzalanan bəyanatlara Ermənistan əməl etmir. Son zamanlar həm cəbhə bölgəsində, həm sərhəddə baş verən təxirbatlar çoxalıb. Təbii ki, təxribatların çoxalması da hər birimizi narahat edir. Hər dəfə erməni təxribatı olanda Asərbaycan ordusu şəhid verir. Artıq müharibə bitəndən sonra təxribatlar nəticəsində şəhid olan hərbiçilərimizin də sayı artır.

Əgər müharibə bitibsə, Azərbaycan qələbə qazanıbsa, sərhədlərimiz müəyyənləşməlidirsə, niyə Azərbaycan şəhid verməlidir? Həmçinin biz hələ torpaqlarımızı tam azad etməmişik və bayrağımızı bütöv Azərbaycana sancmamışıq. Bununla belə biz düşündük ki, 28 ildən sonra şəhidlərimizin qanı bahasına qalib gəldik və bundan sonra şəhidlərimiz olmayacaq. Amma qələbədən sonra da Azərbaycan xalqı şəhid xəbəri eşidir və şəhid qarşılayır. Bu çox ürək ağrıdan məsələdir.

Biz qələbə əldə etdiyimizə görə arxayın olmamaləyıq. Demək olar ki, Ermənistan tərəfi hər gecə təxribat törədir. Düzdür, Ermənistanın təxribatlarının ordumuz tərəfindən qarşısı alınır. Amma bu qarşıalınma şəhid bahasına başa gəlir. Qalib xalq kimi valideyn min bir əziyyətlə böyütdüyü övladını əsgər yola salır, amma şəhid xəbəri gəlir.

Könül İsmayılova: “Qalib xalq kimi valideyn min bir əziyyətlə böyütdüyü övladını əsgər yola salır, amma şəhid xəbəri gəlir”.

Düşünürəm ki, Azərbaycan dövləti qəti addımlar atmalıdır. Şəhidlərimizin sayı daha da çoxalmadan tez bir zamanda qətiyyətli addımlar atılmalıdır. Bildiyimiz kimi artıq iki ildir pandemiya şəraitində yaşayırıq. Buna görə də onsuz da insanların psixologiyası pozulub. Eyni zamanda bir yandan artan qiymətlər, bir yandan da sərhəddə olan gərginliklər insanlara çox pis təsir edir. Buna görə də bütün bunların qarşısını almaq lazımdır. Dünyada baş verən proseslərdən dərs çıxarmalıyıq.

Onu da qeyd edim ki, yenidən sülhməramlıların komandanlğı dəyişdi. Bununla artıq neçənçi dəfədir ki, bu addımlar atılır. Amma yaxşılığa doğru heç bir nəticə əldə olunmur. Əgər əldə olunsaydı sülhməramlılar ərazidə ola-ola Ermənistan təxribatlar törədə bilməzdi. Sülhməramlılar öz missiyalarını doğru yerinə yetirmirlər. Onlar ancaq öz məqsədləri üçün oradadırlar. Buna görə də baş verən təxribatlara da göz yumurlar. Amma təbii ki, bundan ziyan çəkən də xalqımız olur. Şəhid verməyimiz də buna sübutdur ”.

Nərminə UMUDLU
pia.az