Qalibiyyət deklorasiyası

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasının iclasındakı çıxışı bütöv bir dövrə yekun vurmaq, Azərbaycanın yaratdığı və artıq iri güclər tərəfindən də tanınan geosiyasi reallığın qlobal zəmində təqdimatı baxımından mühüm tarixi hadisə hesab edilməlidir. Dövlət başçımız Azərbaycan ərazilərinin işğal və təcavüzündə ehtiva olunan status-kvonun bu gün beynəlxalq hüququn aliliyinin bərqərar edildiyi situasiyaya qədər keçilən yolunun tarixi, hüquqi və siyasi təhlinini verməklə Azərbaycanın beynəlxalq hüququn aliliyinə, o cümlədən dialoq mühitinə inamını, dayanıqlı sülhü və əməkdaşlıq mühitini, sülhü və əməkdaşlığı ehtiva edən niyyətlərini bəyan etməklə həm də bütövlükdə Cənubi Qafqazın beynəlxalq münasibətlər sistemində siyasi direktivlərini müəyyənləşdirmiş oldu.

Azərbaycan və Ermənistan arasında danışıqların yalnız ikitərəfli əsaslarda aparıldığını və hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdiyini bəyan etməklə əslində dövlət başçımız BMT-nin ali kürsüsündən Cənubi Qafqazda qeyri-proporsional bölgə xalqlarının və dövlətlərinin niyyətləri ilə üst-üstə düşməyən niyyətlərə və bərabər hüquqlu əməkdaşlığa açıq olmayan güclərə xəbərdalıq etmiş oldu. Bu isə o deməkdir ki, Cənubi Qafqazda artıq sülhü, sabitliyi təhdid edən, münaqişələrə öz maraqlarının təmini üsulu kimi baxan heç bir qüvvəyə yer yoxdur. Dövlət başçımızın Baş Assambleyasının iclasındakı çıxışı eyni zamanda Azərbaycanın çoxvektorlu xarici siyasət kursunun inkişaf tendesiyalarını əks etdirən yol xətirəsi də hesab oluna bilər.

Bu mənada cənab İlham Əliyevin BMT kürsüsündən ABŞ ilə Azərbaycan arasında əməkdaşlıq barədə məsələyə xüsusi diqqət ayırması xarici siyasət kursumuzun sonrakı dövr üzrə vektoru barədə çox aydın mənzərə yaradır. Bundan başqa Prezident İlham Əliyevin Azərbaycanın enerji siyasəti və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında vacib qarantorlarından biri kimi rolunu xüsusi qabartması bu sahədə ənənəvi siyasətimizin davam edəcəyi və ölkəmizin enerji təchizatçısı kimi rolu və nüfuzunu artıracağını deməyə əsas verir. Qeyd olunanlar fonunda birmənalı şəkildə əminliklə deyə bilərik ki, Azərbaycanın Prezidentinin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı milli maraqlarımızın tam şəkildə ehtiva olunduğu və yaranan yeni reallığın bəyan ediliyi qalibiyyət deklarasiyasıdır.

Bəhruz Məhərrəmov
Milli Məclisin deputatı