Qanunla qadağan olunsa da, Bakıda məktəblilərə də lotereya satılır - VİDEO

Son zamanlar Azərbaycanda insanlar arasında lotereya oyunları xeyli populyarlaşıb. Qanunla 18 yaşdan kiçik şəxslərə lotereyaların satışı qadağandır. Təəssüf ki, bəzi işbazlar üçün bunun fərqi yoxdur.

Trend-in əməkdaşının apardığı müşahidələr zamanı məlum olub ki, Yasamal rayonunda metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında yerləşən satış məntəqəsində məktəblilərə də bu lotereyaların satışı aparılır.

Məsələ ilə bağlı “Azərlotereya” ASC-dən Trend-in sorğusuna cavab olaraq bildirildi ki, “Azərlotereya” ASC-nin qaydalarına görə 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər.

"18 (on səkkiz) yaşına çatmamış şəxslərə lotereya satışı qadağandır. Əgər satılırsa, buna görə məsuliyyəti “Azərlotereya” deyil, lotereyanı satan şəxs daşıyır", - deyə qurumdan bildirildi.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev isə Trend-in sorğusuna cavab olaraq bildirib ki, qanunvericilkdə göstərilib ki, vətəndaşın yaşı 18-dən azdırsa, həmin şəxsə lotereya satışı qadağandır.

"Lotereyanın satışı təşkil olunan ərazilərdə polis əməkdaşları tərəfindən də bununla bağlı nəzarət-profilaktik tədbirləri həyata keçirilir, aşkarlanan nöqsanlar aradan qaldırılır. Azyaşlıya lotereya satan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbir görülür", - deyə qurum rəsmisi bildirib.