Vətən müharibəsi qazisi Abbasov Qismət Abbas oğlu Ağdam istiqamətində döyüşlərdə ağır yaralanıb. Çoxlu qan itirdiyindən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub. Xəstəxanada bədəninə 2,5 litrə yaxın qan köçürülən qazi ona qanla bərabər Hepatit C də köçürüldüyünü deyir. Aylardır bədənindəki qəlpə yaraları ilə yanaşı, həm də Hepatitin müalicəsi ilə məşğuldur. Lakin hələ də ona əlillik təyin olunmayıb.
Bu şikayətlə “Qafqazinfo”ya müraciət edən qazi Qismət Abbasovun sözlərinə görə, müharibənin ilk günündən ön cəbhədə - Ağdam və Xocavənd istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 9-da düşmənin atdığı mərmi sol ayağında budun üçdə birini kəsib: “Qəlpə arterial damarı, oturaq siniri qoparıb, əzələlər, vətərlər qopub. Hazırda ayağımda əzələ yoxdur. Ağcabədi Mərkəzi Rayon Xəstəxanasında əməliyyat olundum, sonra isə Bakıya A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə köçürüldüm. İki dəfə əməliyyat olunmuşam. Ağcabədidə əməliyyat olunan arterial damarım Bakıda yenidən tutuldu. Təkrar əməliyyat olunmalı idim, analiz verəndə məlum oldu ki, o vaxt qan köçürüləndə Hepatit C-yə yoluxdurulmuşam. Uzun müddətdir ki, bu xəstəlikdən müalicə alıram. Hazırda damarlarım çox zəiflədiyinə görə həkimlər əməliyyatı saxlayıblar. Deyirlər damarı dəyişsək, yenə partlayacaq, gözləmək lazımdır”.
Qazi bildirir ki, yanvarın 27-də Hərbi Hospitaldan ona tərxis olunması ilə bağlı sənəd verilib. O vaxtdan da mülki şəxs olduğu əsas gətirilərək hospital müalicədən imtina edib. Qazi müalicəsi ilə özü məşğul olduğunu deyir: “Hərbi Hospitalın verdiyi şəhadətnaməyə əsasən, mənə 3-cü qrup əlillik düşür. Sənədlərimi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim etmişəm, lakin mənə imtina verilib. Səbəb isə o göstərilir ki, diaqnoz əlilliyi təsdiqləmir. Mən hazırda iş qabiliyyətimi itirmişəm. Ayağımda arterial damar tutulub, hissiyyat yoxdur, oturaq sinir işləmir. İki körpə övladım var, xəstə atam var. İldə bir dəfə Hepatit C-dən müalicə almalıyam. 3 ay dalbadal dərman içməliyəm, hər dərmanın qiyməti 335 manatdır. Bir ildən artıqdır ki, işə gedə bilmirəm, gəlir yerim yoxdur. Mən ailəmə necə baxmalıyam, övladlarımı necə saxlamalıyam?!”
Qazi müharibəyə qədər şirkətlərin birində operator işləyib. Dediyinə görə, 8 saat ayaqüstə işlədiyindən daha ora qayıda bilməyib. Əvvəllər aldığı maaş Bakıda kirayədə yaşamasına imkan versə də, müharibədən yarımcan qayıdan qazi imkansızlıqdan valideynlərinin yanına - bir otaqlı evə köçüb.
Qismət Abbasov İkinci Qarabağ müharibəsində göstərdiyi xidmətlərə görə “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şikayətlə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Tural Qurbanov “Qafqazinfo”ya bildirib ki, bu ilin avqust ayında Zərdab rayon sakini Abbasov Qismət Abbas oğlu ilə bağlı e-sistemə daxil edilmiş göndərişin əlillik təyinatına əsas vermədiyi müəyyən olunub: “Bundan sonra da onun, 27.09.2021-ci il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinəsi aparılıb. Əyani müayinə zamanı Abbasov Qismətin hazırki vəziyyəti və tibb müəssisənin göndərişində qeyd edilən “hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr” diaqnozunun əlillik vəziyyətində olmadığı müəyyən edilib. Bu səbəbdən də əlillik təyin edilməsindən imtina qərarı qüvvədə saxlanılıb”.
Qismət Abbasov yaralanan ayağının fotolarını da redaksiyamıza təqdim edib. Ürəyi zəif olanları nəzərə alaraq, qazinin hazırda əzələ hissəsi olmayan ayağının şəkillərini təqdim etmirik.
Gülnar Əliyeva