"Qarabağ və Zəngəzur müasirlik modeli olacaq"

"Erməni işğalından azad edilmiş rayonlarda aparılan bərpa-quruculuq işlərində müasir standratlara cavab verən texnologiyaların tətbiq olunması özəllik təşkil edir". Bu fikri Korrupsiyaya qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmova "sabahinfo.az"a bildirib.
Səadət Məhərrəmova deyib ki, bu ərazilərdə tikinti işləri planlı şəkildə həyata keçirilir: "Bildiyimiz kimi, noyabrın 16-da Prezident İlham Əliyev tərəfindən “Böyük Qayıdış” Dövlət Proqramı təsdiq edilib. Bu proqrama uyğun olaraq bütün rayonlar bərpa olunacaq. Prezident İlham Əliyev 25 noyabr tarixində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında qeyd etdi ki, azad edilmiş ərazilərdə şəhər və kəndlər smart texnologiya platformasına əsaslanaraq tikilir:  "Ağalıda ilk kənd artıq məskunlaşdırılıb. Oraya gedən hər kəs Qarabağın yenidən qurulması modelinin necə olacağını görə bilər. Çünki bu, təkcə 30 il ərzində erməni işğalından əziyyət çəkmiş, layiqli həyat yaşamağa, tam qorunmağa layiq keçmiş məcburi köçkünlər qarşısında bizim mənəvi borcumuzun bir növ nümayişi olmamalıdır, həmçinin biz Qarabağın və Zəngəzurun yenidən qurulmasını bütün ölkə üçün nümunə hesab edirik". Bu ərazilər həm yerli əhali, həm də əcnəbi qonaqlar üçün müasirlik modeli olacaq. Azərbaycan bununla həm də dünyaya öz gücünü, potensialını göstərmiş olacaq. Ermənilərin 30 il ərzində vandalizmə uğratdığı ərazilərə yenidən həyat qayıdacaq. Qaçqın və məcburi köçkünlər belə müsair tipli şəhərlərdə yaşamağa haqq edirlər. Onlar 30 ilə yaxın müddətdə həyatın ən çətin günlərini yaşayıblar. Azərbaycan dövləti onları daimi diqqətdə saxlayıb. Bu gün də bu diqqət və qayğı davam etməkdədir".

Sabahinfo.az