Əliyeva Sevil Səlimxan qızı
Səbail rayonu 329 nömrəli tam orta məktəbin direktoru
Ötən il Azərbaycan xalqı cəmi 44 gün davam edən hərbi əməliyyatlar zamanı qazandığı parlaq Zəfərlə torpaqlarımızın otuz illik işğalına son qoymuş, Qarabağ münaqişəsi həll olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əsrlər boyu hissə-hissə itirilən torpaqlarımızı geri qaytarmağı bacararaq regionda yeni siyasi reallığın əsasını qoymuşdur. Cəbrayıl rayonu 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon oldu. İyirmi yeddi ildən sonra ölkəmiz böyük qələbəyə imza atdı, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn tələbləri Azərbaycan öz ordusunun gücünə həyata keçirdi.Düşmənin təmizlənməsi əməliyyatı nəticəsindəErmənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edildi.Cəbrayılın azad edilməsi paytaxt Bakı ilə bərabər, bütün ölkədə çox böyük coşqu ilə qarşılandı, Azərbaycan xalqının ruh yüksəkliyini, ordumuzun döyüş ruhunu, özünə inamını daha da artırdı.
Cəbrayıl şəhərinin azad edilməsi Azərbaycan Ordusunun şücaətinin nəticəsi idi. Onu da xatırladaq ki, 2016-cı il Aprel döyüşləri zamanı Silahlı Qüvvələrimizin əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənmiş, Cocuq Mərcanlı kəndi ordumuzun nəzarətinə keçmişdi, Azərbaycan Ordusu yarımçıq qalan işi isə 2020-ci ildə uğurla reallaşdırdı. Beləliklə, Cəbrayıl bütövlükdə azad edildi.
Prezident İlham Əliyevin işğaldan azad olunan rayonlara səfərləri göstərir ki, Azərbaycan dövləti düşməndən təmizlənən ərazilərin bərpası və yenidən qurulması ilə bağlı layihələrin reallaşdırılmasını diqqət mərkəzində saxlayır. Ölkə rəhbəri tərəfindən hazırda erməni barbarlığının qurbanı olan yaşayış sahələrində mühüm strateji obyektlərin, müəssisələrin təməlinin qoyulması, tikinti işlərinin geniş vüsət alması, yüksək texnologiyaların tətbiqinə start verilməsi, Qarabağ bölgəsinin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində önəmli tədbirlərin gerçəkləşdirilməsi bunun bariz nümunəsidir.
Ölkə başçısının oktyabrın 4-də Cəbrayıl rayonuna səfəri də bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinin sürətlə həyata keçirildiyini, Ermənistanın işğalı zamanı yerlə bir edilən şəhər və kəndlərimizin, dağıdılan tarixi, mədəni və dini irsimizin bərpasının, avtomobil yollarının tikintisinin xüsusi diqqət mərkəzində saxlanılmasının parlaq ifadəsidir.
Dövlətimizin başçısı həmin gün Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə Qarabağda bərpaquruculuq işlərinin gedişi barədə fikirlərini bildirərək, bu məsələyə prioritet istiqamət kimi yanaşıldığını vurğulayıb. Ölkə rəhbəri burada olduğu müddətdə artıq bir neçə layihənin icrasına start verildiyini qeyd edib. Cəbrayılın təhlükəsizliyində önəmli rol oynayacaq Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışının reallaşdığını, “Araz Vadisi İqtisadi Zonası”nın, birinci yaşayış binasının təməlinin qoyulduğunu, rayonun elektrik təchizatı üçün yarımstansiyanın istismara buraxıldığını, bununla yanaşı, Laçın və Kəlbəcər rayonlarında hazırda su elektrik stansiyalarının bərpası istiqamətində tədbirlərin həyata keçirildiyini xatırladıb. Ölkə rəhbəri daha sonra qeyd etmişdir ki: “Qarabağda artıq bir neçə stansiya işə başlayıb, o cümlədən, Tərtər rayonunda Suqovuşan Su Elektrik stansiyaları. Mən tapşırıq vermişəm, ermənilər tərəfindən, - onlar qaça-qaç dövründə, Kəlbəcəri, Laçını tərk edən dövrdə, dağıdılmış stansiyaların 10-nu biz gələn il, qalan 20-dən çoxunu isə ondan sonrakı illərdə bərpa edəcəyik. Yəni, Cəbrayıl rayonunun elektrik təchizatı artıq var. Bu, əsasdır. Çünki bu olmasa, heç nə etmək mümkün olmayacaq”.
Regionda yeni reallıqlar yaradan Azərbaycanın qarşısında mühüm strateji vəzifələr durur. Bu kontekstdə Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, bölgədə yeni nəqliyyat dəhlizinin yaradılması,kommunikasiya xətlərinin bərpası, sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin gücləndirilməsi istiqamətində mühüm təşəbbüslə çıxış edir, yüksək fəallıq nümayiş etdirir.Azərbaycan müstəqil siyasət aparan ölkədir. Qarabağın və Şərqi Zəngəzurun sürətlə bərpası Azərbaycanın güc-qüdrətindən xəbər verir.
Müharibə ilə qələbənin indiki və gələcək nəsillərimiz üçün bir sıra mühüm tərbiyəvi, ibrətamiz nüansları var. Strateji və taktiki gedişlərimizlə zəngin olan bu zəfər yolu göstərdi ki, Azərbaycanın tərəqqisinin təməlində təbii sabitlik, güclü millət, qüdrətli dövlət və güclü liderlik keyfiyyətlərinin vacibliyi dayanır. İndi əvvəlki zəif Azərbaycan yoxdur. İndi müasir, qüdrətli, regionda öz sözünü deyə bilən, heç kəsdən çəkinməyən, heç bir böyük dövlətin forpostu olmayan, heç bir supergücün diktəsi ilə siyasət yürütməyən bir Azərbaycan dövləti mövcuddur. Qazanılan qələbəmizin möhkəmləndirilməsi üçün güclü dövlətin olması vacibdir. Bizim əsas vəzifəmiz qazandığımız qələbəni möhkəmləndirmək olmalıdır.