Ötən gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan görkəmli elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Heydər Əliyev, Zərifə xanım və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Süleyman Mikayılov Zərifə Əliyevanın həyat və fəaliyyəti ilə bağlı fikirlərini söyləyib. O, qeyd edib ki, Zərifə Əliyevanın yüksək intellektual səviyyəsi, sərrast düşüncəsi, səmimi, xoş münasibəti onu hamıya sevdirib: “Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmiş Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş edirdi. Zərifə xanım eyni zamanda sədaqətli həyat yoldaşı, qayğıkeş ana kimi xalqımızın qəlbində özünə əbədi yer tutub. Daim həyat yoldaşı Ulu Öndərimizin yaxın sirdaşı və silahdaşı olub”.
Milli Oftalmologiya Mərkəzinin bölmə müdiri Yazgül Abdıyeva Zərifə xanımın elmi yaradıcılığı barədə geniş və ətraflı məruzə edib. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradıldığını və bu sahədə aldığı mükafatları diqqətə çatdırıb.
Həmçinin Sanqaçal qəsəbəsində Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub.
Tədbirdə Qaradağ RİH başçısı Süleyman Mikayılov, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də könüllülər və ictimaiyyət nümayəndələri iştirak edib.
Aksiyanın məqsədi görkəmli alimin əziz xatirəsini yad etməklə yanaşı, eyni zamanda ətraf mühitin mühafizəsi və yaşıllıqların artırılmasına töhfə vermək olub. Əraziyə müxtəlif növ ağac tingləri əkilib, abadlıq və yaşıllaşdırma işləri aparılıb.