“Bu gün Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 31 il ötür. Yeni Azərbaycan Partiyası mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Xalqımızın və dövlətçiliyimizin taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri, müdrik oğlu Heydər Əliyevin ətrafında birləşdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciətdə “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz”, deyilirdi. Bu, Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd idi və əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputataı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu: “Ulu Öndərin çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Belə bir məqamda, Azərbaycan xalqının iztirablarını, ölkənin iflasa və məhvə sürüklənməsi təhlükəsini, Azərbaycan ziyalılarının ürək ağrısı və nigarançılığını, həmçinin, bununla bağlı bir qrup görkəmli şəxslərin müraciətini nəzərə alan ulu öndər Heydər Əliyev onlara yazdığı 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular.
Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Yeni Azərbaycan Partiyasının yaradılması Ulu öndər Heydər Əliyevin siyasi irsinin təcəssümü kimi, həyata vəsiqə aldı. Yeni Azərbaycan Partiyasının üzvləri, Ulu öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bütün lazımi səyləri edir. Bu siyasətə sadiqlik, cəmiyyətimizdə yaşanan həmrəylikdən və Ulu Öndərə olan ümumxalq sevgisindən xəbər verir. Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı demək idi. Bu, həm də onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı qüvvəsinə-iqtidar partiyasına çevrilməsinə zəmin yaratmış oldu. 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün bu partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir.
Ulu Öndər vaxtilə demişdir: “Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Həqiqətən də, bu gün ölkəmiz Prezident İlham Əliyevin və birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın simasında dünyaya bir Günəş kimi parlayır. 2003-cü ilin prezident seçkiləri ərəfəsində Ümummilli Liderimiz Heydər Əliyevin xalqa müraciəti zamanı ifadə etdiyi müdrik kəlamı reallıqda tam təsdiqini tapdı. Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə apardığımız “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 il işğal altında qalan torpaqlarımız azadlığa qovuşdu, ərazi bütövlüyümüz bərpa olundu. Qarşıda isə bizi daha böyük hədəflər, məqsədlər gözləyir”.