"Ölkəmizdə su təchizatı və suya olan tələbat, yaxud ehtiyaca dair proqnozlar təəssüf ki, o qədər də pozitiv deyil. Çünki qarşıdakı illərdə su qıtlığı ilə üzləşə bilərik. Bu təbii ki, obyektiv bir prosesdir, bütün dünyada izlənən tendensiyadır".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə deputat Elnur Allahverdiyev deyib. O bildirib ki, Azərbaycanın da inkişafda olan ölkə və bu dünyanın bir parçası olaraq suya tələbatı getdikcə artmaqdadır:
"Birincisi, əhalimizin sayı sürətlə çoxalır. İkincisi iqtisadiyyat böyüyür. İstehsal sahələri genişlənir və bu, həm içməli, həm də texniki suya olan ehtiyacı dəfələrlə artırır. Hökumətin bu problemin çözülməsi ilə bağlı həyata keçirəcəyi tədbirlər təbii ki, mövcuddur. Mən bu kontekstdə təklif edərdim ki, misal üçün, dəniz suyunun təmizlənməsi, yaxud çay sularının filtrasiyasi prosesində, hansı ki, bu gün dünyada uğrula sınaqdan çıxarılır, - özəl sektorun iştirakına şərait yaradılsın. Düşünürəm ki, bu, həm dövlətə kömək və dövlət yükünün azaldılmasına, həm də prosesin sürətlənməsinə və məntiqlə, bizi gözləyən çətinliklərin daha operativ həllinə şərait yaratmış olar. Bu kontekstdə daha bir neçə ekoloji problemə toxunmaq istəyirəm. Bu il ölkəmizdə olduqca mötəbər tədbir keçiriləcək. COP29 ilə bağlı Azərbaycana yüzlərlə rəsmi qonaq, onlarla dövlət və hökumət rəhbərləri təşrif buyuracaq. Bizim təbii ki, ekologiyanın bərpası və qorunması, bu müstəvidə ekoloji cəhətdən təmiz enerjinin istehsalı, bu sektora keçid mövzularında deyəcəklərimiz və nümayiş etdirəcəklərimiz çoxdur. Azərbaycan hətta bu tədbirə sahiblik edəcəyi məlum olmayandan öncə, illərdir bu sahədə, misal üçün, yaşıllığın bərpası istiqamətində miqyaslı işlər görür. Bu gün bizim Qarabağda və Şərqi Zəngəzurda Ermənistanın törətdiyi ekosid nəticəsində məhv edilmiş meşə təsərrüfatının bərpası istiqamətində gördüyümüz və görəcəyimiz işlər bunun əyani sübutudur. Bu baxımdan, diqqətinizi ölkəyə idxal edilən ağaclar mövzusuna yönəltmək istəyirəm. Biz bu sahədə çalışan iş adamları və şirkətlərin vergi yükünü azalda bilərik. Fikrimcə, əgər gətirilən yaşıllıq ekologiyaya xidmət edirsə, burada biz vergidən azad etmə, yaxud verginin azaldılması kimi məsələlər ətrafında fikir mübadiləsi apara bilərik".
Deputat qeyd edib ki, daha bir vacib məqam havaya karbon qazının ixracı ilə bağlıdır: "Düşünürəm ki, həyata keçirilən mütərəqqi tədbirlər fonunda istehsal prosesində karbon qazının havaya ixracı məsələsi diqqətimizdən qaçmamalıdır və bu istiqamətdə işin daha müasir, ekologiyaya az ziyan vuran formatda təşkilinə nail olmaq üçün karbonun ixracına səbəb olan istehsal sektorunda verginin artımına gedə bilərik. Bu, olduqca vacib məsələdir, gələcək nəsillərin sağlam yaşayışı, o cümlədən, ölkəmizin reputasiyası baxımından önəmlidir. Hesab edirəm ki, belə bir tədbir görülsə, bu, həmin sferada çalışan müəssisələrin məsuliyyət faktoruna ciddi təsir göstərə bilər. Paralel olaraq, əgər biz bu gün yaşıl enerjini təşviq ediriksə, bu, qarşıdakı illərdə bizim əsas ixrac istiqamətlərimizdən biri olacaqsa, fikrimcə, ekoloji cəhətdən təmiz enerjidən istifadə edən şirkət və müəssisələrin vergi yükünün azaldılması yönündə dəyişikliklər edə bilərik".