Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə, 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb.
Sabahinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qeyd olunan Protokolun həyata keçirilməsi məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılmış və müvafiq sərhəd xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən birgə çöl işləri nəticələri haqqında Texniki Protokol tərtib edilib:
"15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilib, sözügedən Texniki Protokol razılaşdırılıb və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb.
Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.
Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb".
09:20
Bu gündən etibarən ordunun əvəzinə Ermənistanın Sərhəd Qoşunları Ermənistan-Azərbaycan sərhədinin Tavuş istiqamətində sərhəd mühafizəsini öz üzərinə götürür.
Sabahinfo.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, Ermənistan MTN-nin sərhəd qoşunları 24 maydan etibarən dövlət sərhədinin Kirants istiqamətindəki 5,8 kilometrlik hissəsində mühafizə prosesi keçid sxeminə uyğun olaraq həyata keçiriləcək. Bununla yanaşı, həmin məntiqə uyğun olaraq Azərbaycanla sərhədin göstərilən istiqamətlərində dövlət sərhədinin mühafizəsini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin bölmələri həyata keçirəcək.