Avqustun 14-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlamenti Senatının Aparat rəhbəri Maksim Spotkayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları VI çağırış Milli Məclisin sədri Sahibə Qafarovanın adından səmimi salamlayan Aparat rəhbəri, Azərbaycan və Qazax xalqları arasında dərin köklərə söykənən çoxəsrlik dostluq və qardaşlıq münasibətlərinə dair fikirlərini səsləndirib. İkitərəfli münasibətlərin ölkələrimiz müstəqillik əldə etdikdən sonra daha da möhkəmləndiyini deyən Fərid Hacıyev, əlaqələrimizin inkişafında ölkə başçılarının müstəsna rolunu qeyd edib, ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, aparılan danışıqların, müntəzəm görüşlərin əhəmiyyətini vurğulayıb.
44 günlük Vətən müharibəsi və keçən il həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa edilməsindən söhbət açan Fərid Hacıyev, Qazaxıstan tərəfinə Azərbaycanın ərazi bütövlüyü məsələsindəki ədalətli mövqeyinə görə təşəkkürünü bildirib. O, cari ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin işğaldan azad edilmiş Füzuli şəhərində inşa olunan Qazax xalqının hədiyyəsi - Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirakını məmnuniyyətlə qeyd edib.